Nurəddin Məmmədli: «Demokratik təsisatların yaranmasına ona görə imkan vermirlər ki, cəmiyyəti öz istədikləri kimi idarə etsinlər»
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Azərbaycan” qəzetində böyük bir məqalə ilə çıxış edərək hakimiyyətin xalqın nadir ənənələrinə əsaslanaraq “güclü dövlət” ideyasını həyata keçirdiyini qeyd edib.
O, ölkədə güclü dövlətin uğurlarının təhsil, səhiyyə, idman və digər sosial proqramlara düşünülmüş şəkildə sərmayə yatırılmasıyla bağlı olduğunu söyləyib. R.Mehdiyev qeyd edib ki, ABŞ-dan fərqli olaraq, Fransanın tarixi boyu inkişafın bütün mərhələlərində cəmiyyət dövləti deyil, məhz dövlət cəmiyyəti yaradıb. Məqalədən sitat: “Özü də islahatlar prosesində təsisatlar dövlətdən daha çox asılı olublar, nəinki dövlət onlardan. Tarix boyu çoxsaylı rejimlərin bir-birini əvəzləməsinə baxmayaraq, idarəetmənin təməli sabit qalıb, bütün sosial transformasiyalar isə inzibati funksiyaları yalnız möhkəmləndirib”.
R.Mehdiyevin dediklərinə münasibət bildirən professor Nurəddin Məmmədli dövlətin cəmiyyətin prototipi olduğunu söyləyir. Yəni cəmiyyətin xarakterindən asılı olaraq, dövlət strukturları da formalaşır. Onun fikrincə, idarəçilik sistemi bir-birinə oxşasa da, ictimai formasiyalardan, yəni mövcud siyasi sistemin xarakterindən asılı olaraq idarəetmə prinsipləri də dəyişir: “Bu gün dünyada mövcud olan sistemin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, dövlətin formalaşması cəmiyyətdən asılıdır. Çünki demokratik ölkələrdə hakimiyyəti formalaşdıran ümumxalq səsverməsidir. Xalq hansı formada idarəetmə sisteminə üstünlük verirsə, həmin proseslərin, amalların fövqündə duran siyasi partiyalara da səs verirlər. Dövlət də cəmiyyətdən gələn mesaca uyğun olaraq formalaşır. Ramiz Mehdiyev faktiki olaraq ölkədə mövcud olan avtoritar rejimə, repressiyalara haqq qazandırmaq istəyir. Cəmiyyətin formalaşmasına, demokratik təsisat və institutların yaranmasına ona görə imkan vermirlər ki, cəmiyyəti öz istədikləri kimi idarə etsinlər.
Onun kökündə duran əsas məsələ seçkilərin demokratik keçirilməməsidir. Hər dəfə öz zümrələrindən olanları ayrı-ayrı hakimiyyət qollarında oturtmaqla rejimi və onun idarəetmə sistemini formalaşdırırlar. Əslində isə proses əksinə formalaşdırılmalıdır. Cəmiyyətin, səsvermə hüququ olan vətəndaşların iradəsinə uyğun olaraq hakimiyyət formalaşmalıdır. ”Demokratiya xalqın hakimiyyətidir” məfhumunun mahiyyətində duran əsas məsələ də məhz bundan ibarətdir”