NİDA hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundov təşkilatdan istefa verib. Bu barədə o, feysbuk səhifəsində bəyanat yayıb. Rəşadət Axundov həm də bütövlükdə ictimai-siyasi fəaliyyətini dayandırdığını elan edib.
Rəşadət Axundov NİDA-nın yaradıcılarından biri idi. O, təşkilatdan getməsini ad çəkmədən NİDA-nın keçmiş üzvü Rəşad Həsənovun DTX tərəfindən ələ alındığı və ölkədən gedənə qədər (o, hazırda Avropadadır) bu quruma informatorluq etdiyi barədə ötən gün yaydığı etirafla əlaqələndirib. Rəşadət Axundov yazır:
“Baş verənlər çox təəssüfləndiricidir. Bütün gün harda səhv etdiyimizi düşündüm. Əslində insanların beyinlərində olan suallar haqlıdır. Hələ bu hadisədən sonra ümumiyyətlə adamların “o birilər də agentdir”, “onlar güya başqa cür çıxıb” sual və ittihamlarına cavab vermək olduqca qəlizdir, mümkünsüzdür. Bizim səhvimiz əfv müraciəti yazdıqdan sonra hər şeyi sonlandırmamağımız idi. Çünki yeni bir proses başlatmışdıq, amma sona çatdıra bilmədik. Yoldaşlarımızın ümidini qırmışdıq. Hər şeyə üzüsulu son qoyub, bu iyrənc rejimin manipulyasiyasına imkan verməməli idik. Artıq bu durum, bu şübhələr həm NİDA-ya, həm ümumi prosesə ziyan verir, şübhələr yaradır. Ona görə bildirmək istəyirəm ki, bundan sonra həm NİDA Vətəndaş Hərəkatındakı fəaliyyətimə, həm də ümumiyyətlə bütün ictimai-siyasi işlərə son qoyuram. Artıq bütünlüklə öz sahəm üzrə karyerama davam edəcəm. Sual və ittihamlara gəlincə, nəyisə isbat etmək imkanım yoxdur, hamının, xüsusilə yoldaşlarımın, ən yaxın dostlarımın yanında alnım açıq, vicdanım təmizdir. Onlardan gizli heç vaxt heç nəyim olmayıb. Bütün bu illər ərzində nə vicdanıma, nə dostlarıma xəyanət etmişəm, təmizliyimə xələl gətirməmişəm. Tək üzüntüm İlkinsiz (həbsdəki NİDA-çı İlkin Rüstəmzadə – red.) içəridən çıxmaq olub. Onun əfvə düşməyəcəyini biləndə onun da çıxması üçün hətta “çıxıb AzTVdə təşəkkür edim” təklifi etmişəm, öz reputasiyamın üzərindən xətt çəkilməsini gözə alaraq. Amma qəbul etməyiblər. Hamınıza sevgi və hörmətlər. Haqqınızı halal edin”.