İqtisadçı Qubad İbadoğlu Parlamentə seçkilər günü qızı Jalə Bayramovaya qarşı Lənkəran rayonu Şürük kəndində yerləşən 16-cı məntəqədə baş verən fiziki zordan və təzyiqlərdən danışarkən bildirib ki, qızı məntəqədəki saxtakarlığa mane olduğuna görə bu hadisə baş verib və bugünə kimi bu işlə əlaqədar heç kim cəzalandırılmayıb.
DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, Jalə Bayramova məntəqədəki saxtakarlığa mane olduğuna görə deyil, məntəqəyə gələn seçiciləri videoya çəkdiyinə görə bu hadisə baş verib:
“Məntəqə sədrinin çağırışı ilə oraya daxil olan polis əməkdaşları Jaləni Şəhər-Rayon Polis Şöbəsinə gətirərək müvafiq qaydada onun ərizəsini və izahatını alıblar. Dünən isə J.Bayramovanı ŞRPŞ-nin rəisi şəxsən qəbul edib, dinləyib və xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün tibbi ekspertizaya göndərilməsi də təmin edilib. Yəni, bu hadisə ilə əlaqədar ŞRPŞ-də bütün zəruri tədbirlər həyata keçirilib. Tibbi ekspertin rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.”