Ekspertlər İlham Əliyevin çıxışını şərh etdilər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirdiyi iclasda çıxış edərək, ötən 6 ayı iqtisadi inkişaf baxımından uğurlu müddət hesab edib. Prezident deyib ki, xarici investorlar üçün Azərbaycan hər zaman maraqlı ölkə olub. O, həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində görülən işlərə də toxunub, bildirib ki, son 3-4 ayda indiyədək görünməyən fəallıq hiss edilib.
İqtisadçı Qubad İbadoğlu isə 6 ayın statistikasını əsas gətirərək, tənəzzülün daha da dərinləşdiyi qənaətindədir: “Bəli, mən məsələnin qoyuluşundan razıyam, ölkənin iqtisadi taleyi qeyri-neft sektorunun inkişafından asılıdır. Sadəcə, bu istiqamətdə ciddi dəyişiklik yoxdur. Əsas idxalımız meyvə-tərəvəz və şəkər, çuğundurdur, ancaq bizim bazara rəqib olan Türkiyənin Rusiyayla münasibətlərinin normallaşdığını nəzərə aldıqda mənzərə fərqli şəkil alır. Yaxud ötən il şəkər ixracatından ölkəyə 212 milyon dollar qazanc daxil olub, şəkər çuğunduru idxalımız da 180 milyon dollar olub. Buradan “aldım qoz, satdım qoz” çıxırsa, ixracatda potensial görünmür”.
Qubad İbadoğlu prezidentin “Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. Son 6 ayda 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb” açıqlamasını belə şərh etdi: “Statistika Komitəsi 6 ayın məlumatlarını açıqlamayıb. 5 ayın statistikası görə, əsas kapitala investisiya qoyuluşu 31 faiz azalıb, bu, kifayət qədər ciddi enişdir. Ortada nəticə var, ən çox azalma qeyri-neft üzrə ümumi daxili məhsuldadır. 7 faiz, bu ümumi daxili məhsulun ümumi azalmasının 2 qatı deməkdir. Deməli, qeyri-neft sektoruna lazımi səviyyədə investisiyalar qoyulmur. İş yerlərinin açılmasına gəlincə, onların çoxu müvəqqətidir və bu barədə məlumatlar prezidentə düzgün çatdırılmır. Bu gün işsizlik yenə də ciddi problem olaraq qalır, əmək bazarında gərginlik getdikcə artır. Təəssüf ki, bağlanan iş yerləri haqda informasiyalar açıqlanmır. Bağlanmış iş yerlərinin sayı açılan iş yerlərindən heç də az deyil və bir çoxu heç də rəsmiləşməyib”.
Qubad İbadoğlu.
Prezidentin bu ilin dərin iqtisadi islahatlar ili kimi yadda qalacağı barədə fikirlərinə gəlincə, İbadoğlu hesab edir ki, bunun üçün siyasi iradə və islahat aparmaq qabiliyyətinə malik komanda lazımdır: “Bəzi addımlar atılıb, amma kompleks yanaşma, fundamental və mükəmməl proqram yoxdur ki, Azərbaycan iqtisadiyyatını islah etsin. Əsas səbəblərdən biri prosesin məhdud dairədə aparılmasıdır. Nazirlər Kabineti koordinasiyaedici orqan olsa da, prosesdə iştirak etmir və potensial da yoxdur. Dərin iqtisadi islahatlara iddia etmək mümkündür, amma buna nail olmaq üçün çox işlər görülməlidir. Sistemsiz addımlar islahat kimi dəyərləndirilə bilməz. Bunun nəticəsində son üç ayda xarici ticarət balansında mənfi saldo yaranıb. Sonuncu dəfə 2003-cü ildə bu hal olmuşdu. Son 11 ildə tədiyyə balansının cari hesablar balansında kəsir olmamışdı, hazırda kəsirlər ifadə olunur. İnflyasiya səviyyəsi neçə illərdir ikirəqəmli deyildi, 7 ildən sonra ikirəqəmli inflyasiya ilə qarşılaşdıq. Bütün bunlar elan olunan islahat kursuna sadiqliyin nümayiş etdirilməməsidir”.