Qorxulu Əli İnsanov

eliinsanov
 Keçmiş səhiyyə naziri Əli İnsanov həbsdə olsa belə, onun Qərbi Azərbaycan bölgəsinin ağsaqqalı kimi təqdim edilməsi birmənalı qarşılanmadı. Ətrafına 10-15 qərbi azərbaycanlını toplamaq iqtidarında, həm də belə hörməti qazanmayan Ana Vətən Partiyasının sədri deputat Fəzail Aşamalı ilk etiraz səsini ucaldanlardan oldu. Bunu təbii qarşılamaq lazımdır. O səbəbdən ki, illərdən bəridir hakimiyyətdən mandat alıb parlamentdəki yerini qorumaqdan başqa niyyəti olmayan birisi İnsanovu özünə ağsaqqal qəbul edə bilməz. Əslində bunu da etiraf etmək lazımdır. Söhbət Əli İnsanovu bütün qərbi azərbaycanlıların birmənalı olaraq özünə ağsaqqal, yaxud gələcək siyasi maraqlarıni reallaşdıracaq lider kimi qəbul edib-etməməsindən getmir. Keçmiş səhiyyə naziri 2005-ci ilin payızındakı həbsindən bəri təmsil olunduğu hakimiyyətə qarşı sərt ittihamları ilə özünə qarşı münasibəti hətta müxalifət düşərgəsində də dəyişdirə bilib.

Hakimiyyət daxilindəki çəkişmələrin qurbanına çevrilən İnsanov həbsxanada keçirdiyi bu illərdə öz mübarizəsindən bir addım belə geri çəkilməyib. Onun bu mübarizəsi indiyə kimi konkret şəxslərə ünvanlanıb. Ancaq onun azadlığa çıxdırdan sonrakı mübarizəsinin bütövlükdə hakimiyyətə qarşı yönəlməyəcəyinə heç kim təminat vermir.

Əlbəttə, indi mübarizəsini məhdud çərçivədə, özü də yalnız hansısa açıqlamaları ilə aparan keçmiş nazirin azadlıqda manevr imkanları qat-qat geniş olacaq. Ona qarşısına qoyduğu məqsədlərə (bəri başdan onu da qeyd edək ki, İnsanovun həbsdən çıxdıqdan sonra nələrə nail olmaq istədiyi hələlik məlum deyil) yetişməkdən ötrü dəstəyə ehtiyacı olacaq. O, belə dəstəyi ilk növbədə qərbi azərbaycanlılardan ala bilər. Təsadüfi deyil ki, bu bölgəni təmsil edən bəzi tanınmışlar Əli İnsanovu özlərinin ağsaqqalı kimi qəbul edirlər. Belə mövqenin sərgilənməsinə indidən start verilməsi gözlənilən idimi?

Keçmiş nazirə qarşı həbsxanadan çıxmasına aylar qalanda yeni cinayət işinin qaldırılması haqda bir müddət əvvəl yayılan xəbəri də nəzərə alsaq, bunu da təsadüfi hesab etməməliyik. Bu o deməkdir ki, hakimiyyətdəki hansısa qüvvə İnsanov qorxusunu o elə həbsxanada olduğu müddətdə dəf etməkdə maraqlıdır. Ona qarşı yeni ittihamın irəli sürüləcəyi hələ ki təsdiqlənmir. Lakin bu o demək deyil ki, belə ssenari hazırlanmayıb. Bunu zaman göstərəcək…

Əli İnsanov həbsxanada yatdığı bu illərdə dəfələrlə bəyan edib ki, onu heç nə sındıra bilməyib və heç bir təhdid mübarizədən çəkindirə bilməz. Elə bu mübarizə məsələsi hakimiyyəti narahat etməkdə, keçmiş nazirin özünə hətta düşmən saydığı qüvvələri düşündürməkdədir.

Qeyd etdik ki, İnsanovun qərbi azərbaycanlıların ağsaqqalı olduğunu bu bölgənin bəzi tanınmışları çəkinmədən vurğulayırlar. Belələrindən biri keçmiş təhsil naziri Firudin Cəlilovdur. O, təkcə öz bölgəsinin deyil, bütövlükdə Azərbaycanda sayılıb-seçilən ziyalılardan biri olduğundan söylədiyi fikirlərin də dəyəri böyükdür. Bu cür açıq etirafların indi səsləndirilməsi isə həbsxanadakı İnsanovdan çox onunla bağlı mövqeyini açıq-aşkar bəyan edənlərin ziyanına nəticələnə bilər. Onların bundan belə hər addımları izlənəcək, harada və kimlərlə görüşdükləri haqda məlumat toplanacaq. İnsanovu özlərinə ağsaqqal sayan bu şəxslərin bəzilərinin hətta müxtəlif qondarma ittihamlarla elə onun yanına həbsxanaya göndərilməyəcəyi də istisna deyil. Ancaq nələrin baş verməsindən asılı olmayaraq, hər şey onun özünün azadlığa çıxmasından sonra başlayacaq. Onun həbsxanada ikən gələcək planlarları haqda yüz ölçüb, bir biçdiyi mütləqdir. Necə deyərlər, başı daşdan-daşa dəyən İnsanov indi bayırda olan, hətta onu dəstəklədikləri şəxslərdən kimlərlə haraya qədər getməyin mümkünlüyünü hamıdan yaxşı bilir. Belə demək mümkünsə, keçmiş nazir bayırda aparacağı mübarizədə kimlərlə üz-üzə qalacağını və kimlərlə onların üzərinə gedə biləcəyini yəqinləşdirib. Lakin, zənnimizcə, İnsanovun gələcək mübarizəsində ona hakimiyyət daxilindəki bəzi qüvvələrdən daha çox müxalifət adına iddia edənlər mane ola bilərlər.

İllərdən bəri hakimiyyətə gəlmək uğrunda aparılan mübarizədə indi həm elektoratının böyük hissəsini itirən partiyalar, həm də nüfuzdan düşən liderlər hər dəfə vahid birlik yaradıla bilməməsi, prezidentliyə iddialıların bir-birini qəbul etməmələri səbəbindən bu kökə düşüblər. Hətta belə vəziyyətlərində onların İnsanovu aparacağı mübarizədə dəstəkləyəcəyi real görünmür. Bu acı reallığın 2013-cü il prezident seçkiləri ərəfəsində dünyaca məşhur kinorejissor Rüstəm İbrahimbəyova münasibətdə artıq şahidi olmuşuq. Əslində qərbi azərbaycanlıların sayca kifayət qədər böyük elektorat olduğunu nəzərə alsaq, onları indiki şəraitdə ətrafında birləşdirə biləcək yeganə şəxs Əli İnsanov ola bilər. Haqqında söhbət gedən ənənəvi müxalifət isə yeni, həm də mütəşəkkil qüvvənin ortaya çıxmasına mane olmaqdan ötrü müxtəlif ssenarilərə də əl ata bilərlər. Bu zaman hakimiyyətdəki qüvvələrin hazırladığı hansısa ssenariyə dolayısı ilə dəstək verənlər də tapılacaq…

Əli İnsanov həbsdən çıxanda mübarizəyə necə başlaya bilər? Keçmiş nazirin yeni partiya yaratması o qədər də real görünmür. Belə olan təqdirdə onun qərbi azərbaycanlıların adı ilə bağlı olan “Ağrıdağ” cəmiyyətinə sədr seçilməsi şansı isə daha çox, həm də daha realdır. Bu cəmiyyət vaxtilə siyasi proseslərə açıq və gizli müdaxilədə çox fəal olub. Keçmişdə rayon partiya komitələrində birinci katib işləyən Nurəddin Mustafayevin də indi rəhbərlik etdiyi “Ağrıdağ”ı İnsanova verəcəyi çox realdır…

P.S. Bu mövzu aktual olduğundan vaxtaşırı yazılarla çıxış edəcəyik.

Zahid Səfərov

AzToday.az