Türkiyədə, Azərbaycan bayraqlarının da açıldığı etiraz aksiyası keçirilib.
Türkiyənin Kahramanmaraş vilayətində qondarma erməni soyqırımı iddialarına qarşı etiraz aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, 100-dən çox QHT-nin dəstək verdiyi aksiyada 150 metr uzunluğunda Türkiyə bayrağı açılıb. Şəhərdəki “Süleymanlı” şəhidlər xiyabanında toplaşan aksiyaçılar qondarma soyqırımını pisləmək üçün bəyanatla çıxış ediblər.
QHT-lər adına çıxış edən Kahramanmaraş Vəkillər Kollegiyasının sədri Vadid Bağcı qondarma erməni soyqırımı iddialarını qəbul etmədiklərini deyib.
“Bilirik ki, tarix millətlərin yaddaşıdır. Tarixini bilməyən millətlər gələcəklərini düzgün planlaşdıra bilməz və doğru qura bilməzlər. Ona görə də tariximizi öyrənmək və nəsillərimizə öyrətmək ən əsas vəzifələrimizdən biri olmalıdır. Erməni diasporası, erməni dövləti və Türkiyəyə düşmən ölkələr tərəfindən gündəmdə saxlanılan qondarma soyqırımı iddiaları sanki müasir Səlib yürüşünə çevrilib. 1915-ci ildə (Osmanlı) dövlətinə xəyanət edən erməni quldur dəstələrinin hüquq çərçivəsində dayandırılması üçün atılan addımlar və Osmanlı dövləti tərəfindən təhlükəsizlik məqsədilə verilən deportasiya qərarının “soyqırımı” adlandırılması ölkəmizə və millətimizə qarşı kütləvi bir siyasi hücum vəziyyətinə gətirilib.
Avropa Parlamenti 2015-ci il martın 12-də qəbul etdiyi qərarla Avropa İttifaqına üzv ölklələrdən qondarma soyqırımını hüquqi müstəvidə qəbul edilməsini tələb edib. Qondarma soyqırımı bəhanəsi ilə başladılan bu hücumların heç bir elmi tərəfi olmamaqdadır. Türkiyənin, deportasiya və həmin vaxt baş vermiş hadisələrin tarixçilər tərəfindən müzakirə edilməsi yönündə olan cəhdlərinə baxmayaraq, qondarma soyqırımı iddiaları ilə Türkiyənin xarici siyasəti təzyiq altında saxlanılmaq istənir və bu iddiaların qəbul edilməsi üçün intensiv mübarizə aparılır. Amma bir şeyi bilmək lazımdır ki, məhkəmə dəyəri olmayan bu parlamentlərin qondarma soyqırımı iddialarını qəbul etməsinin heç bir hüquqi dəyəri yoxdur. Bu qərarlar hüququn nəzərində də, bizim nəzərimizdə də yox sayılırlar.”
Mətbuat açıqlamasından sonra aksiyaçılar 150 metrlik Türkiyə bayrağı və Azərbaycan bayraqları ilə “Süleymanlı” şəhidlər xiyabanından “Kanlıköprü”yə yürüş ediblər.