Qocalmağın səsi

sefure cerkezqizi 2Səfurə Çərkəzqızı

(Esse)

-Tık…tık…tık…
Qadın qayğılı, bir az da əsəbi halda divardakı saata baxır. Ötəri bir baxış üzündəki ifadəni bir az da tündləşdirir. İçindəki hirs dişlərinin arasında sıxılıb səsə çevrilir:
– İşşş…

İçi soyumur:
– Saatı da xaraba qalsın, axşam düşdü, yeməyim hələ hazır deyil…
– Tık…tık…tık…

Saatın səsini hikkəli addımlarının ahəngi əvəzləyir.
– Tap…tap…tap…

Mətbəxtdə qabların “savaşı” başlayır.
– Tak…taraq…tak…

Qapı döyülür:
– Tak- tak… tak-tak…
– Atam gəldi!

Balaca qız sevincək qapıya sarı yüyürür:
– Tıp…tıp…tıp…

* * *

Gecə… Onun rəngi həyat ritmlərini uyudur…

Divardakı saatın əqrəblərisə yenə zamanı üzü ölümə qovalayır. Amansız qatil kimi…
– Tık…tık…tık…

Kişi yarıyuxulu başını balıncın altına soxur. Qəfildən çarpayıdan sıçrayıb divardakı saatı götürür. Mətbəxə gedir. Saatsa heç nəyi veciə almadan öz ahəngiylə nəfəs alır:

– Tık… tık… tık…

Səhər qadın saatı zibil qutusunda görüncə:
– Aaa! Saatın burda nə işi var?!
– Başımızı xarab eləyib, səsi çıxmayanını alacam, tulla onu!

…Divardan yeni saat asılır. Əqrəblər qurbanını qəfil yaxalamaq istəyən qatil kimi səssizcə yeriyir…

Onlarsa…
…Yenə üzüölümə yaşayırlar, yenə qocalırlar. Sadəcə, ölümün ayaq səslərini, qocalmağın ahəngini eşitmədən…