Gənc blogger, “Yaltaqlara dur deyək” facebook səhifəsi adminlərindən biri olan Elmir Şirəliyevə qarşı basqılar var. Bu barədə mediaya onun özü məlumat verib. Belə ki, onun səhifədə paylaşdığı statusdan sonra blogger təhdid dolu zənglər almağa başlayıb. “Əvvəl telefona zəng edənin dostlardan biri olduğunu və qorxutmaq üçün mənimlə zarafat etdiyini düşündüm. Sonra gördüm ki, çox sərt söyüşlər söydü və mənə “dayan gör səni necə “nakazat” edəcəyik” dedi. Oktyabrın 12-də axşam bir də gizli nömrədən zəng gəldi. Ad soyadımı soruşdu mən də onun kimliyini soruşdum. Cavab vermədi, dedi Qarabağda bilirsən necə oğlanlar can qoyub, amma sən burda oturub ağzına gələni danışırsan. Sonra təhqir elədi, bildim ki, prezident İlham Əliyevin Qarabağ siyasətilə bağlı yazdığım statusa görə zəng edib. Dedi başına oyun açmağa gələcəm, gəlməmişdən dedim ki xəbər edim. Mən də dedim əgər belə igid oğlansansa açıq nömrədən zəng elə. Cavabı bu oldu ki, onda oğraşlıq edib internetdə yayacaqsan nömrəni. Sonra yenə söyüş söyməyə başladı və mən telefonu söndürdüm”. Bundan sonra qorxduğunu deyən blogger Bakıda qaldığı evin ətrafında da şübhəli maşınlar və adamlar dolaşdığını gördüyünü bildirib. Özündən daha çox ailəsinin təhlükəsizliyinə görə narahat olduğunu vurğulayıb: “Ailəmizin qorunması üçün rəsmi qurumlara müraciət etmişəm. Evimizin ətrafında şübhəli maşınlar dolaşır. Evdəkilər də qorxur. Ev telefonuna zəng edirlər. Müxtəlif hədə-qorxular edilir, mesajlar göndərilir. Məqsəd yaqin ki, qorxudaraq məni susdurmaqdır”.
Blogger hədə qorxularla bağlı DİN-in 102 nömrəli qaynar xəttinə məlumat verdiyini lakin onunla sonradan heç bir əlaqə saxlanmadığını dedi.
Qeyd edək ki, Elmir Şirəliyev 2013 ci ilin iyununda da bloggerlik fəaliyyətinə görə polisin basqısına məruz qalıb. Son facebook statusunda isə o yazıb: “Qarabağ müharibəsi Azərbaycan və Ermənistan iqtidarlarının oyunudur. Əliyevlə Sarkisyan eyni yolun yolçusudur. Hansının hakimiyyəti zəifləyirsə, Qarabağda 1-2 kənd alıb ölkədə reytinq yığmağa çalışır. Ar olsun, xalqın qanı üzərində oyun qurub hakimiyyətinin ömrünü uzadan belə şərəfsizlərə”.