“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinə heç-heçəylə başladı

Ağdam təmsilçisi Bakıda İsveçrənin “Bazel” komandasını qəbul edib

UEFA Konfrans Liqasında qrup mərhələsinin ilk oyunları keçirilir.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da ilk oyununa bu gün çıxıb. Ağdam təmsilçisi Bakıda İsveçrənin “Bazel” komandasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada qapılara qol vurulmayıb.

“Qarabağ” Konfrans Liqasının H qrupunda “Bazel”lə yanaşı, “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparır.

Qrupun digər matçında “Kayrat” doğma meydanda “Omoniya”nı qəbul edib. Bu oyunda da qapılara qol vurulmayıb. Bununla da, qrupdakı dörd komandanın hər birinin hesabına ilk turdan sonra 1 xal yazılıb.

Azərbaycan klubu Konfrans Liqasında növbəti oyununu sentyabrın 30-da, Kiprdə “Omoniya”ya qarşı keçirəcək.