Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Azər İsmayılov həbs edilib. Onun barəsində Xətai rayon Məhkəməsi 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə criminal.az saytı məlumat yayıb.
Saytın iddiasına görə, şirkətin gerçək sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevin ”sağ əli” Aydəm İsmayılovdur. Azər İsmayılov isə Aydəmin qardaşıdır. Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova isə həmin MTK-nın direktorudur.
“Ovçular evi” ərazisindəki tikinti ilə bağlı qalmaqal bir neçə gün qabaq baş qaldırıb. Sosial şəbəkələrdə və saytlarda həmin ərazidə bina tikintisi üçün ağacların məhv edildiyini göstərən faktlar yayıldı. Bundan sonra rəsmi məlumat yayıldı ki, ölkə başçısı İlham Əliyevin ərazidə tikintini dayandırmağa və məsələni araşdırmağa göstəriş verib.
Daha sonra əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələyib. Fakt üzə cinayət işi də açılmışdı.
Azadliq.info-ya sızan məlumatlara görə, ərazidə ağacların kəsilməsi ilə tikinti işi aparıldığı barədə ölkə başçısını onun ictimai-siyasi işlər üzrə köməkçisi Əli Həsənov məlumatlandırıb və inandırıb ki, tikintini dayandırmaq lazımdır. İddialara görə, Ə.İnsanovun həmin ərazidə öz maraqları var. Mətbuat prospekti boyunca özünə obyektlər ucaldan Həsənov həmin ərazini də ələ keçirmək istəyir.
Daxil olam məlumatlarda o da deyilir ki, bu tikinti qalmaqalına görə Milli Məclisin sədri Oqtay Əsədovla maliyyə naziri Samir Şərifovun da başı ağrıyıb. Çünki tikintiyə patronajlığı Samir Şərifov edib, sifarişçi isə Milli Məclis olub. Xatırladaq ki, bina deputatlara mənzil məqsədilə tikilirdi. Bunu Bakı Şəhər İcra Hakimiyyəti də mətbuata təsdiqləmişdi.
Başı bəlalı şirkətin arxasında kimin durduğu barədə də azadliq.info-ya fərqli məlumat daxil olub. İddia olunur ki, şirkət faktiki olaraq Beynəlxalq Banka onun həbs edilmiş sədri Cahangir Hacıyevdən sonra qısa müddətdə rəhbərlik etmiş Elmar Məmmədova məxsusdur. Şirkətin həbs edilən sədri də ona yaxın şəxslərdən biridir. Bu çevrəyə himayədarlığı isə maliyyə naziri edir.
Daha bir maraqlı məlumat bundan ibarətdir ki, həmin ərazidə tikintinin aparlıması vaxtilə hakimiyyətin ən üst qatında razılaşdırılıb. Lakin Elmar Məmmədov Beynəlxalq bankın sədrliyindən çıxarılandan sonra bu məsələyə münasibət də dəyişib. Ola bilsin, məhz etimadı doğurltmamış birinin Milli Məclis üçün sifariş yerinə yetirməsi qəbuledilməz sayılıb. Tikintini ərazidə ağacları məhv etməklə aparmaq və bunun ictimailəşməsi isə bu məsələ ilə bağlı birinci şəxs səviyyəsində hiddət nümayiş etdirməyə fürsət verib.