Böhran artır, devlvasiya kimi qəbul olunmasa da Azərbaycanda hər gün dollar bahalşır. İnsanların vəziyyəti isə sürətli templə pisləşir. Nə qədər xırda, orta sahibkar tanıyıram ki, iş yerlərini bağlayır. Sahibkarlar xaricdən xammal gətirmək üçün valyuta qıtlığı yaşayırlar. Bu rejim manatı heç yaxın qonşu ölkələrdə də güclü edə bilmədi ki, indi gedib ordan manatla məhsul alıb gətirmək mümkün olsun. Bütün bunlar üçün dollar lazımdır. Dolları isə satmırlar. Məhdudiyyət qoyurlar. Bir tərəfdən də valyuda mübadilə məntəqələrin ləğv edərək, vaxt və əsəb sərfiyyatını çoxaldırlar. Bu ölkədə sahibkar bəs hansı şəraitdə çalışmalıdır? Neynəməli? Ac xalq imdad diləyir. Yəqin ki, müşahidə elədiz, bir çox bölgələrdə sadə vətəndaş üzünü kameralara tutub sözümüzü prezidentə çatdır deyirlər. Prezident isə onların üstünə daxili qoşunları göndərir. Daha bu xalq necə davranmalıdır? Onda dinc üsülla etiraz bitəcək, xalq daşlı, qalaqlı, bəlkə də silahlı mübarizəyə başalayacaq. Bunun olmasınımı istəyirlər?
İstəyirlər ki, xaos yaransın. Təhqir olunmuş, ac qoyulmuş xalq harda məmur görsə qıcıq doğursun? O zaman dinc yolla etiraz edən insanların qarşısın, o insanların haqqı hesabına, o insanların pulu ilə saxlanılan polisi niyə cıxarırlar? Daxili qoşunları niyə yeridirlər,nədir məqsəd? Axı Azərbaycanda əhalinin siyais dəyişikliklərə hazır olmadığını hamı görür. Amma belə davam edəcəklərsə əhali siyasi proseslərə qoşulacaq. Hakimiyyətin cəzalandırmadığı məmurları, icra başçılarını və ən nəhayət prezidenti özünü dəyişəcək. Amma bu rahat dəyişmək olmayacaq. Kütlə acdır, illərdir təhsilsiz yetişdirilib, əzizləri əsgərlikdə, xəstəxanalarda zamansız və boş yerə dünyasını dəyişib, haqqı tapdalanıb, polis tərəfindən döyülüb, şərlənib, təhqir olunub. O kütlə çox qəddar olacaq.
Son 20 il Azərbaycan xalqı üçün sovet dönəmindən də ağır zaman oldu. Sovetlər ən azından insanların yetişdirilməsinə, mülicəsinə, ailəsini normal saxlamasına şərait yaradırdı. Əliyev rejimi isə bunlardan belə xalqı məhrum etdi. Tarix boyu bir çox zalım və qəddar liderlər xalqlarının qayğısına qalmadan, onları səfalətə və ölümə tərk ediblər. Amma onların heç birinin sonu yaxşı olmayıb. Bu gün Azərbaycan hakimiyyətinin əlində yüzlərlə ordu sıralarında öldürülən əsgərin, xəstəxanalarda səriştəsiz həkimlərin əlində öldürülən, imkansızlıqdan müalicə oluna bilməyən insanın, borc üzündən intihar edən vətəndaşların qanı var. O qan heç vaxt təmizlənməyəcək.
Bu millətin yenidən bərpası, dövlətimzin yenidən güclənməsi üçün illər lazım olacaq. O illər çox ağır bir dönəm olacaq. Neft qiymətləri qalxmasa,bütün iqtisadi proqnozlar göstərir ki, qalxmayacaq, bu dönəm ağır səfalət, böhran, aclıq içində keçəcək. Belə bir dönəmə nə Azərbaycan xalqı, nə Azərbaycan hakimiyyəti hazır deyil. Atalarımız yaxşı deyib kəskin sirkə qabına zərərdir. Buna görə də millətin üstünə qoşun yeritmək əvəzinə xalqın arasına çıxın, onları dinləyin, problemləri maksimum həll eləməyə çalışın. Görün insanlar nə istəyir axı?! Xəstələrə, əlillərə, qazilərə, bank kreditini ödəyə bilməyib intihardan başqa yol tapa bilməyənlərə dövlətin dəstəyin göstərin. Bu qazanın qapağını nə qədər sıxsaz o qədər tez partlayacaq, sonda özünüz yanacaqsınız. Sizi düşünmürəm, amma bu milləti yandırmayın artıq. Bunu qətlinə fərman verdiyiniz xalq sizi bağışlamayacaq,tarix bağışlamayacaq. Azərbaycan tarixinin qara səhifələrinə ən pis siyasət, ən oğru rejim, ən zalım hökümət kimi düşəcəksiniz.
Zaur Məmmədov (ictimai-fəal)