Politoloq Qabil Hüseynli hesab edir ki, Milli Şuranın 11 sentyabr mitinqinə Qərb dairələri tərəfindən ciddi təbliğati dəstək var: “Qərbin referenduma münasibəti müsbət deyil. Bu səbəbdən də ölkə daxilindəki müxalifyönlü fikirləri, siyasi və vətəndaş təşkilatlarını hərəkətə gətirməyə çalışırlar. Milli Şuranın 11 sentyabr mitinqinə də, məncə, həmin dairələr tərəfindən ciddi dəstək var. Qənimət Zahidin “Azərbaycan Saatı” və AzadlıqRadiosu vasitəsilə mitinqə ciddi dəstək verilir. Müxtəlif səfirliklərin siyasi partiyalar və QHT-lərlə əlaqələr var. Bu yollarla çalışırlar ki, mitinq izdihamlı, gözəgəlimli olsun. Onlar bundan istifadə edərək, Azərbaycanın hakimiyyət orqanlarına müəyyən təzyiqlər göstərmək istəyirlər. Ölkəmizdə onsuz da sosial durum ürəkaçan deyil. Bahalaşma, dolların mövcud vəziyyəti əhali arasında narazılıq yaradır. Qərbin müxtəlif dairələri də bu narazılıqdan öz maraqlarının reallaşdırılması istiqamətində istifadə etməyə çalışırlar. Buna görə də Milli Şuranın mitinqinin kütləvi alınmasına və geniştərkibli olmasına çalışırlar. Amma onu deyim ki, bu o qədər də asan iş deyil. Qərb nə qədər çalışsa da, istədiyinə asan nail olmaz. Sadəcə, mitinqin iştirak dərəcəsini müəyyən qədər artıra bilərlər. Amma onu özlərinin arzu etdikləri kimi izdihamlı, irimiqyaslı bir tədbirə çevirə bilməzlər. Çünki Azərbaycan cəmiyyətində arzu edilən durum formalaşmayıb. Üstəlik də siyasi müxalifətin daxilində siyasi inteqrasiya prosesləri baş tutmadı. AXCP və Müsavat arasında danışıqlar oldu. Amma AXCP Müsavatın mitinqdə iştirakına veto qoydu. Digər partiyaların isə siyasi xətlərini tutmaq da mümkün deyil. Onların əhaliyə təsir imkanlarının necə olduğunu da demək çox çətindir. Demək istəyirəm ki, 11 sentyabr mitinqinin arzu olunan səviyyədə alınması çətin olacaq”.
Politoloq onu da bildirdi ki, Qərb ölkələri darmadağın olmuş müxalifəti yenidən təşkil etməyə cəhd edirlər: “Qərb istəyir ki, Azərbaycan müxalifəti ayaqüstə qalsın. İndiyə qədər Müsavat daha çox AXCP ilə danışmağa naz edirdi. AXCP ilə qarşıdurmaya meylli kimi görünürdü. Amma Müsavatın indi AXCP-yə “elçi” düşməsi, Əli Kərimlinin bunu rədd etməsi Qərb dairələrindən gələn bir göstəriş ola bilər. Qərbdə belə hesab edirlər ki, Müsavat artıq real siyasi müxalifət partiyası deyil. Onlar əsas gücü Əli Kərimlinin AXCP-si və Milli Şura ətrafında qoymaq istəyirlər. Millətin meylini də bu istiqamətə kökləmək istəyirlər. Etiraf edək ki, Qərbin çoxsaylı institutları, politoloqları, xüsusi xidmət orqanları ciddi şəkildə istəyirlər. Onlar əhalinin əhval-ruhiyyəsini proqnoz edirlər. Belə proqnozlar hər ay yekunlaşdırılır və yekun proqnoz ortaya çıxarılır. Onlar indi hesab edirlər ki, ölkədə narazılıq artan xətlə gedəcək. Ümid edirlər ki, narazı kütlənin bir hissəsi müxalifət ətrafında toplaşacaq. Bu prosesdən də Qərb dairələri bəlli niyyətlərini həyata keçirəcəklərini düşünürlər. Hakimiyyət bütün bunları nəzərə almalıdır”