Dövlət ittihamçısı NİDA vətəndaş hərəkatının həbsdə olan üzvü Qiyas İbrahimovun 9 il azadlıqdan məhrum edilməsini istəyib, vəkil deyir.
Vəkil Elçin Sadıqov bildirir ki, cümə günü baş tutan məhkəmə prosesində müdafiə tərəfinin narkotik vasitələrin üzərindən barmaq izlərinin götürülməsi və ekspertizasının keçirilməsi, həmçinin Qiyas İbrahimovun istintaq zamanı vəkili olmuş şəxsin orderinin ekspertiza edilməsi barədə vəsatətləri təmin edilməyib.
Vəkil deyir ki, bir neçə sənəd elan ediləndən sonra dövlət ittihamçısı çıxış edib və Qiyas İbrahimova 9 il iş kəsilməsini istəyib.
“Ədalətli olan dövlət ittihamçısı bəraət istəməli idi”, cənab Sadıqov bildirib.
NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov Mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.
Fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Növbəti məhkəmə oktyabrın 25-də baş tutacaq və prosesdə müdafiə tərəfi çıxış edəcək, ardınca isə Qiyas İbrahimov son söz deyəcək.
Bayram Məmmədovun işi üzrə isə ibtidai istintaq başa çatıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın vaxtlarda hazırlıq iclasının vaxtı məlum olacaq.