”Daily Mail” Azərbaycandakı böhran, insanların yoxsul yaşaması və xalq etirazlarından yazır
Steynar Gil: «İlham Əliyev nə isə etmək lazım olduğunu başa düşür, lakin onun bunu həyata keçirə biləcəyini düşünmürəm»
Azərbaycan hakimiyyəti ölkənin böhran vəziyyətinə düşdüyünü nə qədər gizlətməyə çalışsa da, buna nail ola bilmir. Dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan “Reuters” yazır ki, Ilham Əliyev hazırda öz hakimiyyətinin ən ağır mərhələsini yaşayır. Azərbaycandakı vəziyyətin təhlil olunduğu məqalədə vurğulanır ki, Əliyevin mövcud komandası ilə islahatlar aparmaq mümkün deyil. Ingiltərənin “Daily Mail” qəzetində dərc olunmuş “Azərbaycan lideri neft böhranı dövründə atasından qalan mirasın girovudur”başlıqlı məqalənin tərcüməsini təqdim edirik;
Azərbaycan prezidenti Ilham Əliyev neftdən asılı olan ölkəni düşdüyü ağır iqtisadi böhrandan çıxarmaq üçün qətiyyət göstərərək, 13 il əvvəl atasının varisi kimi hakimiyyətə gələrkən davrandığından tamamilə fərqli keyfiyyətlər ortaya qoymalıdır. 54 yaşlı Əliyev dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə prezidentliyi dövründə olan ən böyük böhranla qarşılaşıb. Neftin ucuzlaşması milli valyutanı xeyli dəyərdən salıb, iqtisadi inkişafın sürəti kəskin azalıb, sosial problemlər ciddi xalq etirazlarına səbəb olub.
Əliyevi tanıyan bəzi adamlar hesab edir ki, onun yaxşı idarəçilik bacarıqları var və böhranın qarşısını almaq üçün vacib addımlar atır. Digər müşahidəçilərin fikrincə, atılan addımlar heç də səmərəli deyil, çünki ölkəyə real iqtisadi islahatlar lazımdır. Problem ondadır ki, Ilham Əliyevə atasından miras qalmış komanda buna imkan vermir. Ilham Əliyev də onlarla vidalaşmağa həvəsli görünmür.
Baş nazir Artur Rəsizadə 1998-ci ildən bu vəzifədədir. Prezident Administrasiyasının rəhbəri, 77 yaşlı Ramiz Mehdiyev də 1995-ci ildən bu bu postu tutur.
Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil “Doğrudanmı Ilham Əliyev real dəyişikliklər istəyir?” sualına belə cavab verib: “Mən buna şübhə edirəm. Əgər o, real dəyişikliklər istəsəydi, bu qədər qocaları vəzifədə saxlamazdı”.
Bu rejim sanki dondurulub” deyən Steynar Gilin ölkəsi Norveçin “Statoil” neft şirkəti Azərbaycana ən çox investisiya qoyan şirkətlərdən biridir. Azərbaycan kimi əsasən neftdən asılı olan Rusiya, Nigeriya, Əlcəzair kimi ölkələrin xaosa sürüklənmədən böhrandan çıxa biləcəkləri ciddi maraq doğurur.
Ilham Əliyev həyatının çox hissəsini atasının kölgəsində keçirib. Əvvəllər kasıb olan atası sonradan Sovet Ittifaqında yüksək vəzifəli şəxslərdən birinə çevrilib. Daha sonra müstəqil Azərbaycanın prezidenti olub.
Kommunist partiyasında yüksək vəzifə tutan bir çox adamların övladları kimi oğul Əliyev də Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutunda təhsil alıb, daha sonra orada işləyib. Atası 1993-cü ildə prezident olandan sonra Azərbaycan Dövlət Neft Şirkətində yüksək vəzifəyə təyin olunub. Həmçinin Milli Olimpiya Komitəsinin prezidenti olub. Bütun bunlar onu daha yuxarı posta gətirmək üçün tramplin idi.
Hakimiyyətin tədricən Ilham Əliyevə ötürüldüyü vaxtlarda yüksək vəzifədə çalışmış şəxs deyir ki, atasında olan xarizma Ilham Əliyevdə yoxdur. Onun sözlərinə görə, “Ilham Əliyev yaxşı adamdır, amma böyük siyasətçi deyil”.
Heydər Əliyev hakimiyyəti dövründə dünyanın BP, “Statoil” kimi nəhəng şirkətlərilə Xəzərdə neft hasilatının təmin olunmasına dair müqavilələr imzaladı. Bu cür müqavilələr və nəticədə ölkəyə daxil olan neft gəlirləri hesabına Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə inkişaf etdi.
Oğul Əliyevin prezidentliyinin ilk illərində böyük neft pulları sürətli inkişafa səbəb oldu. Neftin qiymətinin aşağı düşməsi ciddi problemlər yaratdı. Neft bumu sayəsində Bakıda xeyli hündürmərtəbəli, müxtəlif təyinatlı binaların, o cümlədən “Four Seasons” kimi otellərin tikildiyi ölkədə 9,5 milyonluq əhalinin xeyli hissəsi yoxsuldur. Son aylarda vətəndaş etirazlarını hökumət gözyaşardıcı qaz, su şırnaqları, dəyənək kimi vasitələrlə güc yolu ilə yatırıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyir ki, başlıca problem vaxtında zəruri olan makroiqtisadi islahatların həyata keçirilməməsidir. Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi və lazımi səviyyədə maliyyə intizamı olmayıb: “Bütün bunlar pis xəbərdir”.
Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil deyir ki, o, bu ölkəyə hələ Heydər Əliyevin hakimiyyəti dövründə gəlmişdi. O zaman xalqa iqtisadi islahatlar vəd olunurdu: “Bu barədə deyilənlər o vaxt da, indi də söz olaraq qalır. Mən əminəm ki, Ilham Əliyev nə isə etmək lazım olduğunu başa düşür. Lakin onun bunu həyata keçirmək qabiliyyətində olduğunu düşünmürəm”,