Xəbər verdiyimiz kimi, bir ildən sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsi pullu olacaq.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər: “Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”.
Təhsil eksperti Kamran Əsədov bununla bağlı deyib ki, öz fəaliyyətinin obyektivliyini əks etdurən, ictimai məmunluğu təmin edən, elmi dayanıqlılığın təmin edilməsi üçün hazırlanan məlumatların pullu edilməsi yolverilməzdir.Fəaliyyət və idarəetmə formasından asılı olmayaraq dövlətin siyasətini əks etdirməklə xidmət göstərən bütün dövlət, qeyri dövlət təşkilatları “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları və Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan respublikası prezidentinin fərmanı ilə bu xidmətləri pulsuz olaraq göstərməyə borcludurlar.
Onun sözlərinə görə, mərkəz bütün xidmətləri pullu etməyi düşünürsə, ölkədə alternativ başqa bir imtahan keçirən qurum da yaradılmalıdır:“Çünki, bu sahədə tək müəssisənin fəaliyyət göstərməsi keyfiyyət yox, kəmiyyət artımına yönəlir. Əgər başqa bir imtahan keçirmək üçün qurum da yaradılsa, onlar arasında daha ucuz və keyfiyyətli xidmətlərin göstərilməsi üçün rəqabət yaranacaq və heç kim daha çox qazanmaq haqqında yox, daha keyfiyyətli xidmət göstərmək haqqında düşünəcək”.