Ukrayna prezidenti Petro Poroşenko bu gün axşam saatlarında Bakıya iki günlük rəsmi səfərə gəlir, Ukraynanın Azərbaycandakı səfirliyindən BBC Azərbaycancaya məlumat verilib.
Səfər zamanı Ukrayna prezidenti Poroşenko azərbaycanlı həmkarı ilə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti, beşinci iclasını keçirəcək, president.gov.ua saytı yazır.
Məlumatda deyilir ki, səfər çərçivəsində həmçinin iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığı möhkəmləndirməyə yönələn razılşamaların imzalanacağı planlaşdırılır.
Cənab Poroşenkonun səfər proqramına həmçinin Azərbaycanın hökumət başçısı Artur Rasızadə və Milli Məclisin spikeri Oqtay Əsədovla görüş də daxil edilib.
Rəsmi görüşlər hamısı sabaha planlaşdırılıb, Ukraynanın Azərbaycandakı səfirliyinin sözçüsü məlumat verib.
Bu, Ukrayna prezidentinin Azərbaycana ilk səfəridir. Buna qədər prezidentlər xaricdə keçirilən bir sıra beynəlxalq tədbirlər çərçivəsində görüşüblər.