Polis bölməsində “səhvən” döyülmək

Azərbaycanda polis bölmələrində döyülmə və işgəncə halları araşdırılmır və belə hadisəni törədən polislər məsuliyyətə cəlb olunmur, hüquqşünaslar deyir.

Bu günlərdə polis bölməsində döyülmə halı yenidən gündəmə gəlib.

doyul

Sumqayıt sakini, polis tərəfindən döyüldüyü deyilən Rəşad Abbasov aldığı xəsarətlərdən artıq 7 gündür ki, xəstəxanada yatır. BBC müxbirinin gördüyü şəkillərdə, döyüldüyü deyilən şəxsin ayaqları şişmiş və qaralmış təsvirdədir.

Daxili İşlər Nazirliyi məsələ barədə təhqiqat aparıldığını deyir.

“Döyülmə”

Image copyrightSancaq

Bloqer Mehman Hüseynovun hazırladığı və sosial şəbəkələrdə yayılan videoda Rəşad Abbasov bildirir ki, martın 22-də, yaşadıqları ərazidə bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanan şəxs qonşusu olduğu üçün Rəşad bu barədə onun ailəsinə məlumat verib. Bir gün sonra isə o, polis bölməsinə aparılıb.

Mehman Hüseynovun Facebookda idarə etdiyi Sancaq səhifəsində yayımlanan videoda Rəşad Abbasov, Sumqayıt şəhər 1 saylı polis bölməsində “əl və ayaqlarının bağlandığını və bədəninin müxtəlif nahiyələrinə elektroşok cihazı və dəyənəklə zərbələr endirildiyini” deyir.

Onun sözlərinə görə, polislər ondan “cinayəti törətdiyini boynuna almağı” tələb edirmiş. O, iddia edir ki, həm döyülüb, həm də təhqir edilib.

Zərərçəkənin dediyinə əsasən, elə həmin gün bıçaqlamanı həyata keçirənlərin kimliyi aşkarlanıb.

Sonra isə polislər Rəşad Abbasova döyülməsi ilə bağlı, “kişisən də olub-olub, yadından çıxar deyib”, o iddia edir.

Məsələ ilə, bağlı Sumqayıt şəhər birinci polis bölməsindən açıqlama almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyi BBC Azərbaycancaya deyib ki, hazırda tədqiqat aparılır və tədqiqatın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Hazırda Rəşad Abbasov Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxana qarşısında

Çərşənbə axşamı Rəşad Abbasovun qardaşları və bir neçə qohumu onun vəziyyəti barədə BBC Azərbaycancaya danışıb.

Xəstəxananın həyətində toplaşmış qohumlar Rəşadın videoda dediyi bütün sözlərin həqiqət olduğunu və onun necə döyülməsindən dəhşətə gəldiklərini ifadə ediblər.

Qardaşının sözlərinə görə, martın 23-də təkcə Rəşad yox, ailənin digər 3 oğlu da polisə aparılıb. Ancaq “qonşunun qapısını döyən Rəşad olduğu üçün, o, döyülüb”.

“Polislər məni aparanda dedilər ki, “de görüm niyə öldürmüsən?”. Mən də dedim ki, etməmişəm. Amma Rəşaddan cinayət aləti olan bıçağı istəyiblər”, qardaşı danışır.

Qohumlar Rəşadın ayaqlarına uzun müddət dəyənəklə vurulduğunu deyir və şəkillərini göstəririlər. Şəkillərə əsasən, zərərçəkənin ayaqları şişkindir və rəngi qaralıb.

Onlar Rəşadın səhhətinin yaxşı olmadığı fikrindədirlər. Qardaşı deyir ki, elektroşok cihazından vurulmuş zərbələrin nəticəsi olaraq Rəşad əli ilə heç bir əşya tuta bilmir.

“Sinirləri pozulub, telefon verəndə belə, əli əsir, telefon yerə düşür”, o əlavə edir.

Polislərə gəldikdə isə, zərərçəkənin qohumları onların tez-tez Rəşada baş çəkdiklərini və şikayət edilməməsini istədiklərini deyir.

Həkim rəyi

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası Travmatologiya şöbəsinin həkimi Şəhrux İsmayılov isə Rəşad Abbasovun vəziyyətinin ağır olmadığını deyir.

O bildirir ki, zərərçəkən xəstəxanaya döş qəfəsinin sağ yarısı, sağ biləyinin, sağ bel nahiyəsinin və hər iki ayağının əzilməsi diaqnozu ilə qəbul edilib.

“Rentgen və ultrasəs müəyinələri olub. Cərrah baxıb, həkimlərin konsiliumu keçirilib. Xəstənin daxili üzvlərində zədələnmə yoxdur”, həkim İsmayılov qeyd edir.

Onun sözlərinə görə, Rəşad Abbasovun sağ biləyində sinir əzilməsi hesabına barmaqlarda hissiyyat pozğunluğu var, amma bu “keçicidir”.

“Onun xəstəxanada nə qədər qalacağı dəqiq deyil, amma ağır problemi yoxdur”, Şəhrux İsmayılov əlavə edir.

Rəşad Abbasovun bədəninə elektroşok cihazı ilə zərər yetirilməsi ilə bağlı suala, həkim cavab verir ki, “biz bunu müəyyənləşdirə bilmərik”.

Azı 7 il cəza

Hüquqşünas Müzəffər Baxışov Azərbaycanda polislər barədə cinayət işlərinin açılmasını “çətin məsələ” adlandırır.

2009-cu ildə Avropa İnsan Haqları Məhkəməsi polis bölməsində vətəndaşla pis rəftar və digər səbəblərlə bağlı Sərdar Cəlaloğlunun Azərbaycan hökumətinə qarşı şikayətini təmin edib. Amma hələ də bu sahədə görünən bir dəyişiklik müşahidə olunmur.

Müzəffər Baxışov deyir ki, polis məntəqəsində döyülmə halları qətiyyən olmaz və bu səlahiyyət həddini aşmaq sayılır. Belə halda prokurorluğa müraciət etmək lazımdır.

Onun sözlərinə görə, sübut olunarsa, həmin polislər cinayət məcəlləsinin 293 və 309-cu maddələrinə, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza və vəzifə səlahiyyətlərini aşma maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilə və azı 7 il azadlıqdan məhrum oluna bilərlər.

Hüquqşünas bildirir ki, elektroşok cihazından isifadə yalnız Polis haqqında qanunla tənzimlənir.

Amma cənab Baxışov hesab edir ki, Azərbaycanda polislərin işgəncə hallarına görə məsuliyyətə cəlb edilməsi “çox çətin” məsələdir.

“Avropa Şurası buna görə Azərbaycanı dəfələrlə tənqid edib. Çünki işgəncə törədən polis əməkdaşları barədə cinayət işləri başlanmır”, hüquqşünas deyir.

Təcrübə nə deyir?

2003-cü ilin oktyabrında polis bölməsində işgəncəyə məruz qaldığını deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirir ki, 2003-cü il prezident seçkiləri zamanı həbs olunub və ona polis bölməsində işgəncə verilib.

“Həmin günün səhəri Qırmızı Xaç Nümayəndələrini çağırdım və onlar mənim işgəncəyə məruz qaldığımı sübut etdilər. Amma Azərbaycan məhkəmələri şikayətimə baxmadı”, deyən sədr Avropa Məhkəməsinə müraciət etdiyini əlavə edir.

“Avropa məhkəməsi 2009-cu ildə işgəncəyə məruz qalmağımla bağlı faktı təsdiq etdi və Azərbaycan məhkəmələrinin qərarlarını ləğv etdi. Ardınca Azərbaycan Ali məhkəməsinin plenium iclası keçirildi və cinayətkarların məsuliyyətə cəlb edilməsilə bağlı iş Nəsimi rayon məhkəməsinə göndərildi”, cənab Cəlaloğlu qeyd edir.

Sərdar Cəlaloğlu deyir ki, iş son olaraq Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib və hələ də araşdırılmır.

Partiya sədrinin sözlərinə görə, Avropa Məhkəməsinin onunla bağlı qərarında Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi, işgəncə hallarına görə cəza və məsuliyyətin artırılması barədə qanuna dəyişiklik edilməsi qeyd olunsa da, buna əməl olunmayıb.

Ötən ilin yay aylarında da Mingəçevirdə polis bölməsində baş verən intihar hadisəsindən sonra Minqəçevirdə bir qrup şəxs polisə qarşı etiraz etmişdi.