Zərdüşt Əlizadə: “Dağlıq Qarabağ Muxtar Vilayətinin öz suverenliyi haqqında məsələ qaldırmağa hüququ yox idi”
Ermənistanın Baş naziri Nikol Paşinyan “Exo Moskvı” radiosuna müsahibə verib.
Baş nazir Cənubi Qafqazda çox gərgin situasiya olduğunu deyərək bildirib ki, Rusiyanın Azərbaycanın Ermənistan və Dağlıq Qarabağa həmləsinin qarşısını almaq üçün bütün vasitələri var.
“Mən bunu deyərkən Azərbaycanın aqressiv siyasətini nəzərdə tuturam. Mən və bütün ermənilər Rusiyanın müharibənin qarşısını almaq üçün bütün imkanları olduğuna inanır. Heç cür mümkün deyil ki, strateji tərəfdaşımız Rusiya bu imkanlardan istifadə etməsin. Amma biz müharibəyə hazır olmalıyıq”.
N.Paşinyan Rusiya prezidenti V.Putinlə Azərbaycana silah satmaları haqda söhbət etdiyini deyib. Amma söhbətin detallarını açıqlamayıb:
“Silah məsələsi başqadır, biz bu barədə Rusiya və Belarusla, o cümlədən, Kollektiv Təhlükəsizlik Təşkilatındakı tərəfdaşlarla da söhbətlərimizi davam etdirəcəyik”.
Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə ilk dəfə Rusiya prezidentinin təşəbbüsü ilə görüşdüyünü deyib:
“Belə bir görüş futbol üzrə dünya çempionatında oldu, ona görə effektiv alınmadı. Amma NATO-nun tədbirində ikimiz də olsaq, görüşmədik”.
“Siz ona zəng edə bilərsinizmi” sualına Paşinyan gülərək “bu, yaxşı ideyadır, ancaq məndə onun telefon nömrəsi yoxdur” deyə cavabını verib.
Baş nazir oğlunun Dağlıq Qarabağa hərbi xidmətə göndərməsini aqressiv jest kimi qəbul edilməsinin əleyhinə olduğunu deyib:
“Əksinə, bu, sülhməramlı addımdır. Mən oğlumu ora göndərirəmsə, deməli, müharibənin olmasını istəmirəm. Mən İlham Əliyevin də oğlunu ora göndərməsinə şad olardım. Əgər onun oğlu da xidmət edərsə, bu, sülhməramlı addım olardı, deməli, cənab Əliyev də oğlunun həlak olmasını istəmir”.
Münaqişənin həlli ilə bağlı suala cavab verən Nikol Paşinyan güzəştlərə hazır olduğunu söyləsə də “bəs niyə soruşmurlar ki, qarşı tərəf də güzəştlərə hazırdırmı” bildirib:
“Biz bütün situasiyalara adekvat olacayıq. Baxın, oğlumun Qarabağda xidmət etməsi sülhməramlı addımdır. Amma öz xalqımızı və vətənimizi də qorumağa hazırıq”.
Ermənistandan Azərbaycana gələn azərbaycanlılara heç bir təzyiqlərin olmadığını söyləyən Baş nazir deyib ki, Azərbaycandakı ermənilərin işgəncələrə məruz qaldığını iddia edib. O, həm də Dağlıq Qarabağ Muxtar Vilayətinin müstəqil Azərbaycanın yox, SSRİ-nin tərkibində olduğunu bildirib. N.Paşinyan Rusiya hərbi bazalarının Ermənistanda qalmasının milli maraqlarına cavab verdiyini söyləyib:
“Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu məsələ milli maraqlar çərçivəsinə daxildir”.
Siyasi icmalçı Zərdüşt Əlizadə Nikol Paşinyanın əksər fikirləri ilə razılaşsa da, iki məsələni doğru demədiyini hesab edir:
“Bəli, İlham Əliyevin də oğlu orduda xidmət etsə, yaxşı olar və bu, sülhə xidmət edər. Təhlükəsizlik zonası yaradılsın, iki əsgər atası, prezidentlər neytral zonada görüşüb müzakirə edib Aland modelini qəbul etsinlər ki, xalqlar sülh işində yaşasın”.
Z.Əlizadə deyir ki, Nikol Paşinyanın Ermənistandan azərbaycanlılar qovulan zaman 216 nəfərin öldürülməsindən xəbəri yoxdur, erməni cəmiyyətində də bunu çox az adam bilir:
“1988-ci ilin noyabrında azərbaycanlılar deportasiya ediləndə 216 nəfər soydaşımız öldürülmüşdü. Ermənilər bu qətlləri ciddi-cəhdlə gizlətsələr də, o zaman hüquq müdafiəçisi Arzu Abdullayeva bu məsələni detallı şəkildə araşdırdı, Podrobinnik qardaşlarının buraxdığı “Exo Moskva” qəzetində də geniş material dərc olundu”.
Dağlıq Qarabağın SSRİ-nin tərkibində olmasına gəlincə, siyasi icmalçı xatırladıb ki, sovet dövləti çökən ərəfədə prezident Mixail Qorbaşov respublikaların könüllü çıxması haqqında qanun qəbul etdirmişdi, sonradan sənədə muxtariyyatların da çıxması əlavə edildi.
“Paşinyan buna əsaslanıb deyir ki, Qarabağ qanunauyğun şəkildə Azərbaycan SSRİ-dən ayrılıb. Ancaq həmin qanundan əvvəl Azərbaycan SSRİ Ali Soveti suverenlik haqqında qanun qəbul etmişdi. Orda yazılmışdı ki, Azərbaycan Ali Sovetinin təsdiqləmədiyi sovet qanunları qüvvədə deyil. İkinci, ən əsası, sovet qanunlarına görə Dağlıq Qarabağ Muxtar Vilayətinin öz suverenliyi haqqında məsələ qaldırmağa hüququ yox idi. Ümumiyyətlə, Qarabağ məsələsi danışıqlarla həll olunmur, gücün varsa, get al”.