”Parlamentdə dövlət büdcəsinin müzakirəsi gecikir”

”Qanuna əsasən, dövlət büdcəsi zərfi oktyabrın 15-ə qədər parlamentin müzakirəsinə verilməlidir”

“2019-cu ilin büdcə layihəsinin Milli Məclisdə müzakirəsi gecikir. Halbuki ötən ilin bu günü 2018-ci ilin büdcə layihəsi Maliyyə Nazirliyinin saytında çoxdan təqdim edilmişdi”.

Bunu iqtisadçı Qubad İbadoğlu deyib.

O bildirib ki, 2019-cu ilin büdcəsi ilə bağlı son məlumat 24 sentyabr 2018-ci ildə yayılıb:

“Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının baş naziri 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında sərəncam imzalayıb və göstəriş verib ki, gələn ilin büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallarla Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin”.

İqtisadçı deyir ki, “Büdcə sistemi haqqında” Qanununun 13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir:

“Ancaq indiyədək büdcənin parlamentə təqdimatı ilə bağlı rəsmi məlumat açıqlanmayıb. Nə Maliyyə Nazirliyinin, nə də ki, Milli Məclisin saytında bu barədə informasiya var. Bu isə o deməkdir ki, 2019-cu il üzrə dövlət büdcəsinin layihəsini oktyabrın 15-dək parlamentə təqdim etməyi nəzərdə tutan “Büdcə sistemi haqqında” Qanununun 13-cü maddəsi pozulur ki, bu da öz növbəsində büdcənin parlament müzakirəsinin gecikməsinə gətirib çıxaracaq”.