İyunun 19-da Azərbaycanda pambıq tarlasında növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə İmişli rayonunda olub. Zəhərlənənlər İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxananın baş həkimi Cəsur Paşayev Azadlıq Radiosuna 40 nəfərədək zəhərlənənin olduğunu deyib. İmişlinin deputatı Çingiz Qənizadə isə 45 nəfərin zəhərləndiyini bilidirib. O deyib ki, xəstəxananın baş həkimi ilə əlaqə saxlayıb, ehtimal olunur ki, fəhlələr alaq əleyhinə vurulan kimyəvi maddədən zəhərləniblər. Deputat zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin sayının arta biləcəyini də əlavə edib.
Zəhərlənənlər 300 nəfərə çatır
Əslən İmişlidən olan hüquq müdafiəçisi Oqtay Gülalıyev isə rayondakı mənbələrinə istinadla məlumat paylaşıb ki, zəhərlənənlərin sayı 300 nəfərə çatır. Onun məlumatına görə, xəstəxanada sıxlıq olduğundan əksər xəstələrə həyətdə ilkin tibbi yardım göstərilib, həkim çatışmazlığı var. Rayonun bütün həkim heyəti xəsətələrə yardım etmək üçün səfərbər edilib. 10-a yaxın şəxsin vəziyyəti çox ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Oqtay Gülalıyev yazır ki, hadisənin baş verdiyi tarlanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova aid olduğu bildirilir. Polis əməkdaşları xəstəxananı mühasirəyə alıb, jurnalistlərə çəkiliş aparmağa imkan verilmir. Qeyri-rəsmi məlumatlara görə, Kəmaləddin Heydərov və FHN əməkdaşları hadisə ilə bağlı vertaliyotla İmişliyə gəlib.
Acgözlük, bacarıqsızlıq, zorakı idarəetmə
Hadisəyə AXCP sədri Əli Kərimli də münasibət bildirib. Ə.Kərimli pambıq tarlalarında bundan əvvəl baş verən kütləvi zəhərlənmələri və 6 nəfər pambıqçının traktor qoşqusunda qəzaya düşüb öldüyünü də xatırladaraq qeyd edib ki, Azərbaycan hakimiyyəti pambıqçılığı da ölüm maşınına çevirib. “Ordusu ölüm maşını, səhiyyəsi ölüm maşını, indi də pambıqçılığı çeviriblər azərbaycanlılar üçün “qaz kamerasına”. Bütün bu qəzaların, zəhərlənmələrin arxasından da korrupsiya, acgözlük, bacarıqsızlıq, inzibati (zorakı) idarəetmə çıxır”, – deyə AXCP sədri feysbuk səhifəsində yazıb.
Kütləvi zəhərlənmələr davam edəcək
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli isə pambıq tarlalarında zəhərlənmə hallarının davam edəcəyini bildirib. O, fikrini belə əsaslandırıb:
“Pambıqçıların kütləvi zəhərlənməsi halları 2020-ci ilə qədər davam edəcək. Belə ki, İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planında (səh.160) 2017-2020-ci illərdə bitki mühafizəsi vasitələrindən istifadənin 25 faiz artırılması nəzərdə tutulub”.