”Əvvəl ayda 1800 verirdi, devalvasiyadan sonra 4 min oldu”
“Bank Respublika”nın qarşısında özünü yandıran Ramiz Manafovun banka 165 min manat borcu varmış. Bu barədə onun qohumları bildirib:
“Ümumi 165 min manat borcu var idi. Krediti dollarla götürmüşdü, sonradan çevirib manat elədilər. Əvvəl ayda 1800 verirdi, devalvasiyadan sonra 4 min oldu. Ümumi borcun 40 minini verib bitirmişdi ki, yenidən devalvasiya oldu. Hesabladılar ki, borcu yenə qalxıb kəllə-çarxa”.
Qohumları Ramiz Manafovun qızıl alveri ilə məşğul olduğunu deyirlər. Elə krediti də ona görə götürüb, amma müflis olub:
“Axır vaxtlar borcunu ödəyə bilmirdi. Hər şeyi çıxdı əlindən. Bundan sonra da borcunu ödəyə bilmədi. Qaldı çarəsiz, pis vəziyyətə. Sonunda da belə bir şey etdi”.
Mayın 24-də Ramiz Manafov adlı şəxs özünü borclu olduğu “Bank Respublika”nın qarşısında yandırıb. O, 5 saylı Kliniki Xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Xəstəxanadan vəziyyətinin ağır olduğu bildirilib.
Məsələ ilə bağlı “Bank Respublika”dan münasibət almaq mümkün olmayıb. Bankın mərkəzi ofisindən gün ərzində açıqlama verəcəklərini deyiblər.