“Öz kanallarıdır, istəyərlər bağlayarlar, istəyərlər açarlar”.

 

Zərdüşt Əlizadə

”Hakimiyyət insanların vətəndaş hüquqlarını məhdudlaşdırırsa, iqtisadiyyatı inhisara alırsa, bir o qədər də süqutunu sürətləndirir”

Iyulun 18-də prezident İlham Əliyevin Konstitusiya məhkəməsinə göndərdiyi Konstitusiyaya dəyişikliklər haqqında “Konstitusiya ktı” layihəsi siyasi gündəmin əsas müzakirə predmetidir. Siyasi şərhçi Zərdüşt Əlizadəylə söhbətimizdə layihənin doğurduğu suallara cavab almağa çalışdıq.  

 

Zərdüşt bəy, prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər barədə təkliflərini necə qiymətləndirirsiniz?

– Əla təkliflərdir.

Nə üçün?

– Azərbaycanda təhkimçilik sisteminin güclənməsi, XVI əsrə qayıtmağımız  və sonradan gözlənilən labüd süqut və dağıntı. Budur prezidentin təqdim etdiyi təkliflərin mahiyyəti. Vaxtilə sovet konstitusiyasına Kommunist Partiyasının idarəedici və yönəldici funksiyası haqqında 6-cı maddə salmışdılar, sonra həyat həmin maddəni tarixin arxivinə atdı. Nəticədə SSRİ dağıldı. Yəni həyatla uyğunlaşmayan, onun tələblərini, gedişatını nəzərə almayan, yalnız dar bir zümrənin mənafeyini əsas götürən istənilən qanuni yenilik sonradan həyat tərəfindən silinib tullanılır. Məlum məsələdir ki, iyulun 18-də təklif olunan maddələr Əliyev zümrəsinin sonsuz hakimiyyət maraqlarına xidmət edir. Gələcək baxımdan heç bir xeyri olmadığından həyat özü bunu silib atacaq.

Sosial şəbəkələrdə belə bir sual səslənir; əgər bütün ölkə, onun iqtisadi-siyasi resursları hakimiyyətin əlindədirsə, nə ehtiyac vardı “qayka”ları daha da bərkitsinlər? Siz bu suala necə cavab verərdiniz?

– Qorxurlar ki, millət oyanar və hakimiyyətin cəmiyyətə sırıdığı qondarma müxalifət sıradan çıxar və həqiqi müxalifət gələr. Qorxurlar ki, ön cəbhəyə vicdanlı insanlar çıxar. Ona görə İlqar Məmmədov həbsxanadadır. Ortada isə vaxtaşırı onları guya tənqid edən müxalifət fırlanır.

Hətta beynəlxalq təşkilatların pozuntularla, saxtakarlıqla müşahidə etdikləri və müxalifətin təyinatlı adlandırdıqları Milli Məclisdən də qorxurlar? Çünki təkliflərdə parlamentin buraxılması barədə prezidentə səlahiyyət verilib…

– Bilirsiniz, onlar tabe olduqlarını yaxşı yadda saxlamalıdırlar. Sabiq prezident Ayaz Mütəllibovun siyahısıyla seçilən Ali Sovet də hansısa bir anda nəsə etmək istədi. İndi də nəzəri baxımdan Milli Məclis nəyəsə etiraz edə bilər. Bu mənada hakimiyyət həmin nəzəri ehtimalı da aradan qaldırır. Məsələ ondadır ki. hakimiyyət qanunsuzluqlarına və zorakılıqlarına qanuni don geyindirmək istəyir, amma anlamır ki, həyatın zorakılığı hər şeydən güclüdür.

Təkliflərdə azad sahibkarlıq və mülkiyyət hüquqlarının məhdudlaşdırılması Konstitusiyayla, yaxud Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil etmirmi?

– Azərbaycan vətəndaşlarının neçə faizi Konstitusiyanı oxuyub? Bu suala cavab verə bilərsinizmi? Azərbaycanda nə vaxt Konstitusiyaya hörmət edilib? Ağa-nökər cəmiyyətidir, ağa nə deyirsə, o da olur.

Əgər ağa-nökər cəmiyyətidirsə, bəs həyat necə hər şeyi öz yoluna qoyacaq?

– Həyat özü nökərləri qamçılayır. Elə bilirsiniz ki, 1989-cu ildə meydana çıxan Xalq Cəbhəsinin önündə gedənlərin hamısı savadlı və qanunu bilirdilər? Yox! Tayfa mafiyası onları partokratlara qaldırmışdı, indi də həyat hakim zümrədə çat yaradacaq və bu gedişat kütləni yenidən önə çıxaracaq. Bunlar olacaq, qaçılmazdır. Hakimiyyət insanların vətəndaş hüquqlarını məhdudlaşdırırsa, iqtisadiyyatı inhisara alırsa, bir o qədər də süqutunu sürətləndirir

Vitse-prezident postlarıyla bağlı təklif nəyə hesablanıb və həmin postlarda kimləri görürsünüz?

– Yalnız ailənin üzvlərinə hesablanıb.

Sizin əminliyiniz nəyə əsaslanır?

– İndiyə qədər olan “islahatlar” ailə hakimiyyətinin əbədiləşdirilməsinə xidmət edir. Prezidentin yaş senzinin götürülməsi  də ailə hakimiyyətinin möhkəmləndirilməsi üçündür.

Təkliflər dərc olunan gün ANS telekanalı da bağlandı. MTRŞ Fətulla Gülənlə müsahibəyə görə kanalı terrorçuluğa dəstəkdə günahlandırır, amma Fətulla Gülənin adı Azərbaycanın terrorçular siyahısında yoxdur…

– Öz kanallarıdır, istəyərlər bağlayarlar, istəyərlər açarlar. ANS kanalı özlərinin dediyi kimi qərəzsiz və həqiqəti yox, hakimiyyətin sifarişlərini yerinə yetirirdi. Bu, bir biznes layihədir, istədikləri vaxt da açıb işlədəcəklər. Onsuz da kanalda Prezident Administrasiyasının senzorları otururdu. Yəqin ki, açacaqlar, sadəcə, anın hökmünə qulaq asıb bağladılar. ANS üçün əzabkeş obrazı yaradıb sonra yenidən açacaqlar. Bu, heç nəyi dəyişməyəcək, çünki Azərbaycanda ANS kimi 10 kanal var və bunların bir-birindən heç bir fərqi yoxdur, eyni əxlaq və mənəviyyat sahibidirlər.