Öz fənnindən “2” alan MÜƏLLİMLƏR…

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 13 nömrəli Sərəncamından sonra bu istiqamətdə həyata keçirilən islahatların miqyası genişləndirilib. Ölkədə təhsilin keyfiyyətinin artırılması və sürətli yüksəlişinə nail olmaqdan ötrü Dövlət Strategiyasında nəzərdə tutulan istiqamətlər üzrə ciddi islahatlara başlanılıb. Təhsil üzrə müəyyən edilən 5 başlıca strateji istiqamətdən biri – təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması və müasir təlim metodlarından istifadə edən yeni təhsilverənlərin formalaşdırılması prosesini ləngidən səbəblərin aradan qaldırılmasına yönələn ciddi addımlar atılıb.
2014-cü ildən başlayaraq ölkəmizdə həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi məhz həmin addımlardan biridir.
Müəllimlərin səviyyəsi üzrə ümumi mənzərə
Ölkəmizdə 2 ildir davam edən proses artıq yekunlaşmaq üzrədir. Son mərhələdə – Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən məcburi köçkün rayonlarının məktəblərində çalışan 5000-ə yaxın müəllimin qiymətləndirilməsi həyata keçirilir. İmtahanlara qeyd edilən rayonlarla yanaşı, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən namizədlər də cəlb olunublar.
Proses tamamilə başa çatdıqdan sonra müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı konkret rəqəmlər əsasında danışmaq mümkündür. Lakin indidən ümumi mənzərə aydınlaşıb. İlkin hesablamalar müəllimlərin bir qisminin qiymətləndirmədə nəinki yeni təhsil proqramlarının tətbiqi, hətta öz ixtisası üzrə də ürəkaçan nəticələr əldə etmədiyini deməyə əsas verir. Bu sahədə ciddi müşahidə, sorğu və təhlilləri olan “Təhsil xidmətləri” Mərkəzinin rəhbəri Kamran Əsədovu müəllimlərin xüsusən ixtisas fənnindən göstərdiyi nəticələr təəccübləndirib: “Xoş olmayan nəticədir ki, qiymətləndirmədə iştirak edən müəllimlərin 30 faizi ixtisas fənnindən minimum nəticə göstərib. İmtahanda təqdim olunan 40-ı ixtisas, 20-si isə kurikulumdan olmaqla, cəmi 60 suala verilən cavablar kifayət qədər aşağıdır. Xüsusən, ixtisasa aid 40 sualdan 4-5-nə cavab vermək keçid balını toplamaq deməkdir. Buna baxmayaraq, həmin minimum cavabı belə verə bilməyən müəllimlərin olması heç də yaxşı hal deyil”.
Ekspertin qənaətinə görə, diaqnostik qiymətləndirmədə uğurlu nəticə göstərənlərin faizi çox aşağıdır: “Prosesin əvvəllərində belə məlumatlar daxil olurdu ki, yüksək səviyyədə nəticə göstərən müəllimlər ümumi müəllimlərin 18 faizini, yaxşı nəticə göstərənlər 57 faiz təşkil edib. Qalanı isə ixtisası üzrə sadə sualların 50 faizinə belə cavab verə bilməyənlərdir. Lakin indi ümumi qənaətimiz belədir ki, yüksək nəticə göstərənlərin faizi bundan da aşağıdır”. 
 
Məzunların səviyyəsinin aşağı olmasının səbəbi bəlli oldu 
K.Əsədov müəllimlərin keyfiyyət göstəricilərindən birbaşa asılı olan məqamlara diqqət çəkib: “Təsəvvür edin ki, ixtisas fənnindən minimum biliyə malik olmayan müəllim dərsdə necə maksimum nəticə göstərə bilər? 2016-cı ilin buraxılış imtahanlarında IX və XI sinif şagirdləri arasında 35 min nəfərin ana dilindən “2” almasını müzakirə edirik. Ancaq bilməliyik ki, şagirdlərin bu nəticəni göstərməsi tamamilə normaldır. Axı onların müəllimləri də bu biliyə malikdir. Müəllim nə öyrədibsə, şagird də onu ortaya qoyur”. 
 Təhsil üzrə ekspert daha bir maraqlı məqama diqqət çəkib. Onun fikrincə, abituriyentlərin verdiyi imtahanlara salınan suallar müəllimlərin qiymətləndirilməsi məqsədi ilə istifadə edilənlərdən daha çətindir: “Nəzərə almaq lazımdır ki, diaqnostik qiymətləndirmədə istifadə olunan suallar Dövlət İmtahan Mərkəzinin buraxılış və qəbul imtahanlarında tərtib etdiyi tapşırıqlardan daha asandır. Bir maraqlı faktı qeyd edim. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi tədbirlərdən birində qeyd edildi ki, Azərbaycan dili fənni üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarını müəllimlərə veriblər. Müəllimlərin 70 faizi həmin sualları cavablandıra bilməyib”.