Parlamentdə “Q” – “G” müzakirəsi
“Knopka”ya” da düzgün basmırsınız. Qeydiyyatdan keçmək üçün niyə “əleyhinə” düyməsinə basırsınız?”
Milli Məclisin növbəti plenar iclasında spiker Oqtay Əsədov deputatlara belə bir irad bildirib.
İclası açıq elan edən spiker Oqtay Əsədov deputatlardan qeydiyyatdan keçmələrini istəyən zaman 10 deputat səhvən “əleyhinə” düyməsinə basıb. Spiker isə başını bulayaraq buna irad yarızarafat-yarıciddi irad bildirib.
İclasda “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihələrini müzakirəyə çıxarılıb. Layihə barədə komitə sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, dövlət rəmzləri ilə bağlı müvafiq qanunlar olsa da, bu rəmzlərlə bağlı Konstitusiya qanunu qəbul edilməlidir. O qeyd edib ki, bu, Konstitusiyanın tələbidir.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynov “Gerb”sözünün yazılışına etiraz edub. O qeyd edib ki, Azərbaycan dilində “gerb” deyil, “herb” şəklində yazılmalıdır. “H” ilə başlayan əcnəbi sözlər Azərbaycan dilinə keçərkən biz dilimizin normasına əsasən orginalı əsas götürürük. Bu söz isə ruslar vasitəsilə daxil olduğu zaman səhvən “Gerb” kimi qəbul edilib. Ruslarda “H” hərfi olmadığı üçün “Qerb” kimi qəbul ediblər, biz isə “Q”-ni “G” ilə əvəz etmişik.
Halbuki, digər sözlərdə bu, belə deyil. Məsələn, ruslar gipertoniya deyir, amma biz hipertoniya kimi götürürük, onlar Herakl sözünü “G” ilə verir, amma bizdə “H” ilə yazılır. Yeganə dil xətası bizim ən vacib sözümüz olan “Gerb” sözündə pozulur. Biz başqa dilin normasını özümüzünkü kimi təsdiqləyə bilmərik”.
Komitə sədri qeyd edib ki, bununla bağlı müsabiqənin elan olunması, gerbimizin yenidən qəbul olunub, adının düzgün şəkildə təsdiqlənməsinə ehtiyac var.
R.Hüseynov Azərbaycan Dövlət Himnin sözləri ilə bağlı müəyyən yanlışlıqların olduğunu da vurğulayıb. “Ümumiyyətlə, simvollarımız daha düzgün şəkildə təqdim olunmalıdır” – deyə deputat bildirib.
Deputatın fikirlərinə münasibət bildirən professor Qulu Məhərrəmli Meydan TV-yə deyib ki, dildə ənənə var, sözlər lüğətdə necə oturubsa, o şəkildə də yazılmalıdır:
“Dilin ənənəsini pozmaq olmaz, 100 ildir “gerb” deyirik, bundan sonra “herb” deyəcəyik?! Məsələn, “Rejissorlar gildiyası” var, indi buna hildiya yazaq? Belə deyil axı. G ilə ifadə olunmasının əsas səbəbi odur ki, h kar samitdir, eşidilməzdir, zamanında bu prinsiplər düşünüldüyündən elə həmin şəkildə də qoyulub. Rafael müəllimin fikirlərində elmə zidd heç nə yoxdur, amma ənənəyə ziddir. Ənənəni pozmaq olmaz, sözlər lüğətə necə düşübsə, saxlanılmalıdır. Son vaxtlar gerbləri öyrənən elmə heraldika yazırlar, çünki mənşə dilə yeni gəlib və belə də qəbul etmək olar”.
“Bu, bir domino daşıdır, birini tərpətsən, divar uçacaq. Bunlardan çəkinmək lazımdır, dilin ənənəsini qorumaq hamının borcudur, dillə bu şəkildə davranmaq olmaz. Yenidən dil qurmaq çox pis şeydir. Ruslarda da belə problemlər qalxır, amma onlar ənənəni əsas götürürlər”.