OPEC: Bu il Azərbaycanda neft hasilatı azalacaq

2017-ci ildə Azərbaycanda neft hasilatı azalıb.

Bu barədə OPEC-in yanvar ayı üzrə hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, ötən ilin dekabrında ölkədə neft hasilatı sutkalıq 0,01 mln. barel azalaraq orta hesabla 0,79 mln. barel təşkil edib. “Ötən ilin yanvar-sentyabr ayları ərzində Azəri-Çıraq-Günəşlidə (AÇG) hasilat sutkalıq 0,59 mln. barel təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə sutkalıq 50 min barel azdır. Buna baxmayaraq oktyabr və noyabrda hasilat yüksək olub”, – deyə hesabatda bildirilir.

Bundan başqa, hesabatda 2018-ci il üçün neft hasilatı proqnozu da öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu il Azərbaycanda sutkalıq neft hasilatı 0,04 mln. barel azalaraq 0,76 mln. barel təşkil edəcək.