Onu niyə axtarmırsınız?

скачанные файлыBelə bir dialoqu təsəvvür etməyə çalışın… Məlum “Səni axtarıram” verilişi bağlanandan sonra Rusiyanın ucqar əyalətindəki gözdən-könüldən uzaq bir kənddə öz həyatını yaşayan, əlaqəsi çoxdan itmiş Azərbaycandakı qohumları tərəfindən qəflətən axtarılan bir binəva soydaşımız verilişin əməkdaşına zəng edir:

– Bəs məni niyə axtarmırsınız?

Cavab da belə olur:

– Daha səni axtara bilmirik. Hökumət icazə vermir. Verilişimizi bağlayıblar!

Həmin adam da fikrə gedir və deyir:

– Əgər orada vəziyyət belədirsə, məni niyə axtarırdınız ki?!

Məsələ də elə buradakı vəziyyətdir…

Ölkə əhalisinin bir qisminin qarşısında zar-zar ağladığı, bir qisminin də verilişin səviyyəsinə ikrah edib güldüyü “Səni axtarıram” layihəsinin qapadılması bu ölkədə ciddi olaraq heç nəyi dəyişmir. Amma görün şanlı vətənimiz haralara gəlib çıxdı ki, siyasi rejim adi tale tarixçələri barədə verilişlərin yayımına da qadağa qoyur.

Özlüyündə “Xoşqədəmin verilişi bağlandı” deyib keçirik, amma fərqinə varmırıq ki, bu verilişi bağlamaq əzmi elə söz azadlığını boğmaq üçün illərdir meydan sulayır. Bu elə jurnalistləri həbs edən, mətbuat yayımını əngəlləyən, müstəqil fikri hər bir üsulla boğanların əzmidir. Bu, azad mətbuatı düşmən hesab edən, yaltaq və məddah TV-ləri yaradan zehniyyətdir. Başqa sözlə, bunlar ölkəni yalanla idarə edənlərdir…

Problem isə bir verilişin bağlanması deyil, problem bütünlüklə efir məkanının qapadılmasıdır, həm də çoxdan! TV-ləri və efir məkanını bu verilişlərin ümidinə onlar özləri qoyublar.

Doğrudanmı verilişlərdə keyfiyyət axtarırlar? Məgər hökumət verilişin keyfiyyəti ilə məşğul olur? Qanun hökumətə bunu nəinki rəva görmür, hətta qadağan edir, bunu söz azadlığı kimi fundamental hüquqa müdaxilə kimi rədd edir…

Bir də ki, bu şərtlər altında verilişlər necə keyfiyyətli ola bilər? Tam nəzarətdə saxladıqları məddahlıq kanallarında azadlıq yoxdursa, rəqabət üçün yeni kanalların yaranmasına qadağa varsa, ümumiyyətlə, keyfiyyətdən necə söhbət gedə bilər?! Axı keyfiyyətin əsas amili azad ifadə, həqiqət, plüralizmdir ki, buna da qəti qadağa var. Bizə veriliş yox, veriliş azadlığı və azad danışmaq hüququ lazımdır, veriliş isə bundan sonra yaranır…

Məsələ ondadır ki, uzun illər xalqı bu verilişlərlə əsas problemlərdən yayındırıblar. Bəs deməzsənmi, bütün günahlar pis qayınanalarda, həyasız gəlinlərdə, məsuliyyətsiz ərlərdədir. Sanki başqa günah və başqa günahkar yoxdur. Ərlər haqsızlığın, işsizliyin meydan suladığı bu ölkədə əlacsızlıqdan ailəni atıb Rusiyaya gedirlərsə, onlar qeyrətsizdir, qeyrətlilər isə bu ölkəni talayıb yeyənlərdir. Onlar bu ölkəni heç atıb gedərlər?!

Amma indi deyəsən, fərqli durumdur: yağlı tikələr sümüyə düşür, vəziyyət dəyişir. Neftin ucuzlaşması elə durum yaradıb ki, ən xırda məişət problemi, yaxud bir vətəndaşın yazıq durumu diqqətləri təməl səbəblərə yönəldir. Ölkənin necə idarə olunmasından irəli gələn səbəblərə…

Ac-yalavac qalan insanlara, evsiz ailələrə, dağılan yuvalara baxdıqca, onların talelərini izlədikcə, həyat dramlarını gördükcə, haqsız idarəçilik, varlanmış harın məmurlar və onların şən balaları, ədalətsiz məhkəmələr, özbaşınalıq və böhran çox pis şəkildə yada düşür.

Bunun fonunda jurnalistlərin, ictimai xadimlərin, siyasi fəalların, işıqlı gənclərin həbsi, təqib olunması ola bilsin yada düşmür, amma suallar və daxili polemikalar yaranır! Amma səhv edirlər, həmin daxili suallar və daxili polemikalar bu verilişlərsiz də yaranır!

 

Şahvələd Çobanoğlu