Ölkəni ağır sınaqlar gözləyir

Milli Şuranın sədri Cəmil Həsənli

İlham Əliyevin bizi təhdid etməsini, hədələməsin qoyun bir kənara. Vəziyyət kifayət qədər ağırdır. Ölkəmizi ağır sınaqlar gözləyir. Əliyevin yarıtmaz siyasəti Azərbaycanı uçurumun astanasına gətirib çıxarıb. Tovuz sərhəd məntəqəsində baş verən hadisə ilə bağlı Ermənistan dövlət qurumları və ilk növbədə erməni XİN-i (İlham Əliyev öz Xarici İşlər Nazirini tapmayanda) bütün dünyanı ölkəmizin üzərinə qaldırıb. Bugün ABŞ Konqresində ermənipərəst üzvlər Azərbaycana hərbi yardımın dayandırılması haqqında düzəliş hazırlayıb qanunverici orqana təqdim ediblər. Eyni zamanda bu məsələ ilə bağlı Dövlət və Müdafiə Departamentlərinə məktublar göndəriblər. Söhbət hansısa məbləğdə olan maliyyə yardımlarının dayandırılmasından getmir, söhbət 907-ci düzəlişdən daha ağır olan bir aktın qəbul edilməsindən gedir. Söhbət ABŞ-ın ölkəmizə hərbi, siyasi, diplomatik yardımının məhdudlaşdırılmasından gedir. 20 faiz torpaqları işğal altında olan ölkə üçün bunun nə demək olduğun izah etməyə ehtiyac yoxdur. Gələn həftənin birinci günü bu akt Konqresdə səsverməyə çıxarılacaq. Əgər sənəd qəbul olunsa, Qarabağla bağlı bizi daha ağır günlər gözləyəcək. Çox az vaxt qalır. Hökumət nahaq yerə Washingtondaki lobbi qruplarına arxayın olmasın, vəziyyət kritikdir. Təcili hərəkətə keçmək, vətəndaş cəmiyyəti təmsilçiləri də daxil olmaqla Amerika paytaxtına nüfuzlu heyətlər göndərmək, buradakı qüvvələri səfərbər etmək, Türkiyənin və bizə yaxın olan digər dövlətlərin (əgər varsa) imkanlarından operativ istifadə etmək gərəkdir. Əgər bu səsvermə önlənməsə, bunun qarşısı alınmasa ölkəmiz ciddi problemlərlə üzləşəcək.