Ölkədə baş verən bütün qanunsuzluqlardan İlham Əliyevin məlumatı var

II Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə tikinti-quraşdırma işləri aparılır. Görünən odur ki, bir sıra görüləcək layihələrə həm də yerli sahibkarların da cəlb ediləcəyi gözlənilir. Lakin, həm potensial baxımından, həm də maddi-texniki baza baxımından Azərbaycan şirkətlərinin prosesə cəlb edilməsi real görünmür. Bu durumun bir neçə səbəbi olsa da, əsas məsələ sahibkarlığın illərlə sıxışdırılması və korrupsiya məngənəsində boğulmasıyla bağlıdır.

“Karanadaş stor” MMC-nin icraçı direktoru, kiçik sahibkar Ramin İmanov belə qənaətə gəlmişdir. O, bildirir ki, Qarabağın yenidən qurulmasında yerli şirkətlərin iştirak etməməsi illərlə onların azad fəaliyyət göstərməsinə yaradılan süni əngəllərlə bağlıdır: “Bütün sahibkarlar və biznes adamları yalnız özlərini qorumaq və əllərində olduqlarını itirmək qorxusuyla yaşayırlar. Hər an hökumət hansısa yoxlama adıyla onların bütün mülkünü əlindən ala və iş adamını da həbs edə bilər. Belə bir güvənsiz vəziyyətdə sahibkarın yaşadığı ölkədə sahibkarlıq və biznes mühiti inkişaf edə bilməz”.

Həmişə sahibkarlığın inkişafına yaradılan əngəllərdən danışan Ramin İmanov bildirdi ki, o qədər böyük biznesinin olmamasına baxmayaraq onu da lazımi qaydada sıxışdırırılar: “2015-ci ildən mənə qarşı sıxıntılar həyata keçiriulir. Yoxlamalar, vergidən yayınma, fövqəladə vəziyyət, epidemioloji qaydanın pozulması və s. Bunların hamısı ona görə edilib ki, mən kimlərəsə külli miqdarda rüşvət verim. Minlərlə mənim kimi sahibkar var, onların çoxu danışmır. Mən heç vaxt biznesimin inkişafı haqqında düşünmnəmişəm, hər gün düşünmüşəm ki, bu gün hansı məmurun qulbeçələri gəlib məni sorğu-sual edəcək. Bununla əlaqədar bütün mətbuata müraciət etmişəm, Nazirə, ölkə başçısına məktub yazmışam, heç bir faydası yoxdur. Əksinə mənə qarşı sıxışdırmalar güclənib. Bu gün artıq demək olar ki, ölkənin bütün məmur aparatı korrupsiya və rüşvətlə qidalanır. Təsəvvür edin ki, bu ilin mart və aprel aylarında mağazamızda aparılan lazımçsız yoxlamadan sonra ölkə başçısına yazdığım məktuba görə məni Sumqayıtda polisə apardılar və ciddi çəkildə təhdit etdilər. Mənim keçmiş həyatım yenidən gündəmə gətirilir. Bu o deməkdir ki, mənim mövqeyimi siyasi mövqe kimi dəyərləndirirlər. Artıq o nəticəyə gəlmişəm ki, ölkədə baş verən bütün qanunsuzluqlardan İlham Əliyevin məlumatı var. Ya o, bu özbaşınalıqları aradan qaldırmaq istəmir, ya da bacarmır. Mən şəxsən ölkə başçısının nəyisə bacarmadığına inanmıram. Azərbaycanda hər şey onun iradəsilə həyata keçirilir”.

R.İmanov sonda bildirdi ki, sahibkarlığa yaradılan bütün bu əngəllər ölkədə yoxsulluğun davam etməsinin əsas şərtidir: “Hansı ölkələrdəki, kiçik və orta sahibkarlıq inkişaf edir, o ölkələrdə həyat səviyyəsi yüksəkdir. Azərbaycanda isə sahibkarlar hansısa məbləğdə aylıq maaş qədər gəlir götürə bilərlər, qalan gəlirlər məmurların cibinə axır”.

A.Əliyev

10.07.2021