Ölkə parlamenti və Əliyev hökumətinin buna reaksiyası düşüncəsizliyin təzahürüdür

imagessmith Hakimiyyətə qarşı sanksiyalar yenə gündəmdə; Sənədin müəllifindən Bakıya sərt cavab gəldi

Bir müddət əvvəl ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri Kristofer Smit Konqresə Azərbaycan hakimiyyətinə sanksiyaları nəzərdətutan “Azərbaycanda demokratiya aktı” adlı qanun layihəsini təqdim etmişdi. Azərbaycan hakimiyyəti Kristofer Smiti ermənipərəstlikdə suçlamaqla onun bu addımını Azərbaycana qərəz kimi qiymətləndirmişdi.

Lakin sonradan bəlli oldu ki, ABŞ senatoru Ben Karden də Konqresə Azərbaycan hakimiyyətinə sanksiyaları nəzərdə tutan layihə təqdim edib. Bu faktın üstünü ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariç açdı. Lakin nədənsə hökumət bu məsələnin üzərindən sükutla keçdi. Azərbaycanın rəsmi təbliğatı daha çox Smitin layihəsi üzərində fokuslaşdı. Ekspertlər bunu Ben Kardeninin yəhudi lobbisinin önəmli simalarından biri olması ilə izah edirdilər. “Uzun illər yəhudi lobbisinin köməyindən yararlanan Azərbaycan hakimiyyəti Ben Kardenin üzərinə getməkləyəhudi lobbiisi ilə də münasibətlərin gərgin olduğunu ortaya qoya bilərdi. Mümkündür ki, bu amili nəzərə alan hakimiyyət daha çox Kristofer Smitin üzərinəgetdi”, – deyə ekspertlər bildirirdi. Daha sonra hakimiyyət cəmiyyətdə belə bir rəy yaratmağa çalışdı ki, guya sanksiyalar məsələsi gündəmdən çıxıb.

Lakin Kristofer Smitin bu xüsusda son çıxışı sanksiyalar məsələsinin gündəmdəolduğunu deməyə əsas verir. Contact.az-ın məlumatına görə, Smit fevralın 11-də rəhbərlik etdiyi Helsinki Komissiyasının iclasında təklif etdiyi qanun layihəsi barədə danışıb və Bakıdan onun ünvanına səslənən ittihamlara cavab verib:

“Azərbaycan Demokratiya Aktı”nın ermənilərlə heç bir əlaqəsi yoxdur. Sənəddə Azərbaycanda insan haqlarından danışılır. Xədicə İsmayılova kimi jurnalistlər də daxil olmaqla, bir çox insan öz araşdırmalarına görə həbs olunanda biz “Azərbaycan Demokratiya Aktı” kimi sənədləri qəbul edirik.

Ölkə parlamenti və Əliyev hökumətinin buna reaksiyası düşüncəsizliyin təzahürüdür, çünki onlar tamamilə həqiqətə uyğun olmayan fikirlər söylədilər. Əsasən bildirdilər ki, bu aktı ermənilər mənə sifariş ediblər.

Ermənilərin buna heç bir aidiyyatı yoxdur, bundan əlavə, bu qanun layihəsinin hazırlanmasından onların xəbəri olmayıb. Odur ki, Azərbaycanda parlament üzvlərinin, hökumətyönlü KİV-in və prezidentin mətbuat katibinin bu cür şeylər danışdığını eşidəndə düşünürəm, görəsən, onlar başqa məsələlərdən nə qədər məlumatlıdırlar?.

Bu qanun layihəsində məqsəd Azərbaycanda islahatlara təkan vermək, cinayət törətməyən insanları həbsdən azad etdirməkdir.

Burada jurnalist korrupsiya haqda və ya bu kimi başqa bir araşdırma aparanda mükafat alır, Azərbaycanda isə onları həbs edirlər”.

Dinləmələrdə iştirak edən ATƏT DTİHB rəhbəri Georq Link deyib: “Əgər siz müstəqil KİV-i məhv edirsinizsə, plüralizm yoxdursa cəmiyyətə dezinformasiya verilə bilər. Azərbaycan kimi ölkələr başa düşməlidir ki, insan hüquqları, demokratiya, azad seçkilər yoxdursa, uzun müddət təhlükəsiz ola bilməzlər”.

Bundan başqa Konqresmen Luiza Sloter (Nyu-Yorkdan demokrat) də Smitin təklif etdiyi qanun layihəsinə qoşulub. Bu isə Azərbaycan hakimiyyətinin ona qarşı sanksiyalar təşəbbüsünü erməni lobbisinin işi kimi yozmasına əlavə zərbədir. Çünki Sloteri ermənipərəst mövqedə ittiham etmək çətindir, o, hər zaman Azərbaycanı dəstəkləyib.