Rəsmi məlumata görə, 2015-ci ildə 1 yaşa qədər ölən uşaqların sayı əvvəlki ilə nisbətən 23% artıb. Oğlan uşaqları arasında ölənlərin sayı daha çox artıb – 25%. Qız uşaqları arasında ölüm 20% artıb.
Bunu tanınmış iqtisadçı Rövşən Ağayevfeysbuk səhifəsində yazıb.
İqtisadçı vurğulayır ki, ölüm hallarının doğumun azaldığı şəraitdə artdığını da nəzərə almaq lazımdır. 2014-cü ildə 170.5 min, 2015-ci ildə 166.2 min körpə dünyaya gəlib.
Bu 2010-2015-ci illərin ən pis göstəricisidi.
İqtisadçının ictimailəşdirdiyi bu məlumata AXCP sədri Əli Kərimli də münasibət bildirib. AXCP lideri feysbuk səhifəsində yazıb:
Səhiyyəmiz ümummilli bəlaya çevrilib. Rəsmi statistika təsdiq edir ki, 2015-ci ildə 1 yaşa qədər olan uşaqlar arasında ölüm halları əvvəlki illə müqayisədə 23% artıb (məlumatı ictimailəşdirmiş iqtisadçı Rövşən Ağayevə təşəkkür edirəm). Təsəvvür edirsiniz bu necə dəhşətli məlumatdır? Afrika cəngəlliklərində də uşaq ölümlərilə mübarizə hökumətlərin prioritet vəzifəsidir. Bunlar isə səhiyyəni məhv edib, milyardları avropa oyunlarına, avroviziya yarışlarına, “Formula 1”lərə sərf etdilər. Görün, bunlar öz acgözlük, bacarıqsızlıq və biganəliklərilə nə qədər ailəyə dağ çəkir, millətin sabahını, genefondunu necə məhv edirlər?