Obama Putinlə görüşəcək

images (1)ABŞ prezidenti Barak Obama Rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə razılıq verib. Prezidentlər sentyabrın 28-də Nyu Yorkda görüşəcəklər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, görüş Putinin Yaponiya baş naziri Şinzo Abe ilə görüşündən sonra baş tutacaq.

Görüşü Putin xahiş edib

Putin Nyu Yorka BMT Baş Assambleyasının toplantısında iştirak üçün gedir.

Obama və Putin sonuncu dəfə 2014-cü ilin noyabrında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində görüşmüşdülər.

Ağ Evin mətbuat katibi Coş Ernest jurnalistlərlə söhbəti zamanı prezidentlərin görüşünün rəsmi Kremlin xahişi əsasında reallaşacağını bildirib.

Masada Ukrayna və Suriyadır

Moskva və Vaşinqtondan verilən açıqlamalarda prezidentlərin hansı məsələləri müzakirə edəcəkləri də bəlli olur. Kremlin sözçüsü Peskov deyib ki, görüşdə Suriya məsələsi əsas müzakirə mövzusu olacaq. Zaman çatsa, Ukraynadakı böhran da danışılacaq. Lakin Ukrayna ilə bağlı əsas müzakirə oktyabrın 2-də Parisdə Normandiya dördlüyünün (Ukrayna, Rusiya, Almaniya, Fransa) görüşündə olmalıdır.

Ağ Evin sözçüsü Coş Ernest isə bildirib ki, əsas müzakirə mövzusu Ukrayna olacaq. Onun dediyinə görə, ABŞ prezidenti Rusiyalı həmkarından Ukraynada atəşkəsə dair Minsk anlaşmasının şərtlərinə əməl etməsini istəyəcək.

Ernest bildirib ki, Suriyada Bəşər Əsədə dəstək verilməsi “itirilən yatırımdır”, Obama isə Putini İŞİD-lə mübarizə koalisiyasına dəvət edəcək.

Putindən ABŞ etirafı

Bu arada Vladimir Putin ABŞ-ın CBS kanalına geniş müsahibə verib. Müsahibə zamanı o, amerikalıların yaradıcılıq qabiliyyətinə valeh olduğunu, bu ölkədəki prosesləri yaxından izlədiyini bildirib. Putin “çar” adlandırılmasına da münasibət bildirib.

“Amerikalılarda Putinin xoşuna gələn nədir” sualına cavab olaraq o deyib: “Onların problemlərin həllinə yaradıcı yanaşması, açıqlıq və sərbəstliyi adamı heyrətə gətirir”.

Putin daha sonra qeyd edib ki, amerikalıların azad və sərbəst davranışı adamların daxili potensialının geniş şəkildə üzə çıxmasına səbəb olur. Putin hesab edir ki, məhz buna görə də Amerika heyrətamiz uğurlar qazanıb. Putin, ABŞ-ın dünyada baş verən proseslərə cox ciddi təsir imkanlarının olduğunu da etiraf edib: “ABŞ dünyadakı proseslərə çox ciddi təsir imkanları olan dövlətdir”.

“Özünüzü çar hesab edirsizmi” sualına cavabında Putin bu yanaşma ilə razı olmadığını bildirib.

 

Mətləb BALAKİŞİYEV