Nuşirəvan Səfərov 4-cü tağımın Hüseyn adlı komandirinin qanunsuz əməllərinə niyə göz yumur?

Nuşirəvan Səfərov 4-cü tağımın Hüseyn adlı komandirinin qanunsuz əməllərinə niyə göz yumur? Qurumun a741029de244ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun başı isə «Hafka»nın bağlanan bankındakı pullarına qarışıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşlarının sürücülərə qarşı kobud münasibəti son vaxtlar adi hal alıb. Bəzi yol polisi əməkdaşları özlərini külli ixtiyar sahibi hesab edərək sürücülərə əlavə problemlər yaradırlar. Belə ki, sürücülərin yetərli hissəsi yol hərəkəti qaydalarını pozmadıqları halda saxlanılır və onlara cərimə protokolu yazılır. Və həmin protokolların nəticəsində il ərzində böyük məbləğdə vəsait əldə olunur. Ki, bu vəsaitlərin çox az hissəsi dövlət büdcəsinə keçirilir. Vəsaitin yerdə qalan hissəsinin hara və hansı işlərə sərf olunmasını isə idarənin rəisi Nuşirəvan Səfərovdan soruşmaq lazımdır. Qeyd etmək lazımdır ki, Nuşirəvan müəllim BŞDYPİ-nin rəisi təyin olunandan sonra paytaxtın yol polislərinin bir çoxu əndazəni tamam aşıblar. Onların arasında hətta sürücülərlə əlbəyaxa çıxanlar da var. Əlbəttə, bu cür hərəkətlər asayiş keşikçilərinə qətiyyən yaraşmır. Yol polisi sürücülərlə nəzakətli davranmağa, onlara hörmət etməyə borcludur, başqa yolu yoxdur. Əfsuslar olsun ki, Nuşirəvan Səfərovun tabeliyindəki bəzi şəxslər nə qanun bilirlər, nə də sürücülərə qarşı nəzakətli davranış qaydalarını. Gundelik-baku.com-a verilən məlumatlara görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının komandiri Hüseyn adlı şəxs də sürücülərə ciddi problemlər yaradır. Məlumata görə, əslən Naxçıvandan olan bu şəxs 99-YP-340 nömrəli «Qai» maşınında hərəkət edir: «Sürücülər onun əlindən zinhara gəliblər. O sürücüləri qaydanı pozdu-pozmadı saxlayıb cərimələyir. Əksər hallarda isə şəxsi avtomobili ilə paytaxt yollarında yoxlama aparır. Bu adamın sürücülərə qarşı münasibəti normal deyil. Hüseyn özündənrazı və qanunsuz hərəkətləri ilə yol polisinin adına xələl gətirir». Əldə etdiyimiz məlumatlarda bildirilir ki, 4-cü tağımın komandiri törətdiyi qanunsuz əməllərə görə idarənin rəisi Nuşirəvan Səfərova arxayındır: «Bu günə qədər onun barəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə saysız-hesabsız şikayətlər daxil olub. Amma hər dəfə idarə rəisi bunların üstünü ört-basdır edib. 4-cü tağımın komandiri Nuşirəvan Səfərovla yaxın münasibətlərə malikdir. O hər iş gününün tamamında rəisə gördüyü işlər barədə «məruzə» edir, hesabat verir. Buna görə də o rəisin ən sevimli kadrlarından birinə çevrilməyi bacarıb». Bu arada, onu da nəzərinizə çatdırmaq istəyirik ki, BŞDYPİ-nin ən qalmaqallı əməkdaşlarından biri də ictimaiyyətlə əlaqəlar şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovdur. Xatırladaq ki, bir müddət əvvəl Vaqif Əsədovla “Bakı” futbol klubunun prezidenti, “Baghlan Group FZCO”-nun prezidenti, 2016-cı il yanvarın 18-də lisensiyası ləğv edilən “Bank of Azerbaijan” ASC-nin sahibi Hafiz Məmmədov arasında ziddiyətlərin olması barədə məlumatlar yayılmışdı. İddialara əsasən, bir neçə gün bundan öncə Bakı şəhəri, H.Əliyev küçəsi 24 ünvanında Vaqif Əsədov idarə etdiyi “BMW” markalı “90-YP-333” nömrə nişanlı xidməti avtomobili ilə iş adamı Hafiz Məmmədovun içərisində olduğu “Mercedes-Benz Vita” markalı avtomobilin qarşısını kəsib. Hadisə Hafiz Məmmədov həmin ünvandakı “Bank of Azerbaijan” ofisinə işə gələn zaman baş verib. Bu hadisə baş verən zaman ətrafda xeyli sayda şahid insanlar da olub, hətta onlardan bəziləri hadisəni telefonlarına da çəkməyə nail olublar. Vaqif Əsədov Hafiz Məmmədovun avtomobilinin qarşısını kəsəndən sonra iş adamı onunla görüşməyə razılıq verib və söhbətin ikilikdə aparılmasını təklif edib. Ancaq Vaqif Əsədov bu cür təkliflərin növbəti vaxt uzatması olduğunu söyləyərək, vaxtilə “Bank of Azerbaijan”-a qoyduğu əmanətlərin təcili şəkildə ona qaytarılmasını israrla tələb edib. “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov Vaqif Əsədovu əmin edib ki, onun qoyduğu pul əmanətləri batmayacaq, gec-tez ona qaytarılacaq. İş adamının bu vədləri Vaqif Əsədovu qane etməyib. Bu zaman V.Əsədovla H.Məmmədov arasında gedən dialoq daha da kəskinləşib. Vəziyyət o həddə çatıb ki, işə Hafiz Məmmədovun mühafizəçiləri qarışmalı olub. Hadisə şahidlərinin dediyinə görə, Vaqif Əsədov demək olar ki, hər gün keçmiş “İnqilab” küçəsində (İndiki adı Həsən Əliyev küçəsi gedir – red) yerləşən lisenziyası ləğv olunan “Bank of Azerbaijan”-ın ofisinə baş çəkir, banka qoyduğu vəsaitlərin aqibəti ilə maraqlanır. Yəqin elə buna görədir ki, Vaqif müəllim yol polisinin ictimaiyyətlə əlaqələrini istənilən səviyyədə qura bilmir. Başqa sözlə desək, başı şəxsi işlərinə qarışan Əsədov səlahiyyətinə aid olan məsələləri bir kənara atıb. Biz isə ümid edirik ki, Nuşirəvan Səfərov tezliklə BŞDYPİ-də islahatlara başlayıb sürücülərə qarşı kobudluq edən əməkdaşları, xüsusən də 4-cü tağımın Hüseyn adlı komandirini cəzalandıracaq. Yazı ilə bağlı adı çəkilən şəxslərin də cavab haqqını tanıyırıq.( Gundelik-baku.com)