Növbəti Qarabağ nağılının sonu

Yaxud, “Lazım” Soçidə iqtisadi ziyafətdə

Bir müddətdir ki, hökumət sözçüləri “Rusiyaya inteqrasiya” maşınının sürətini artırıblar. Gecə-gündüz qışqırıq salıblar ki, Rusiya Qarabağı bizə qaytaracaq, Rusiya bizim əsas müttəfiqimizdir, KTMT-yə qoşulmaq bizim nicatımızdır və.s Soçi görüşündən əvvəl də elə bir ab-hava yaradılmışdı ki, sanki, “Lazım” Soçidən Qarabağa uçacaq. Amma zaman yenə də hər şeyi yerbəyer etdi. Soçi görüşü bütövlükdə iqtisadi görkəm aldı və Qarabağı yada salan olmadı. Daha doğrusu, hökumətimizin ülvi məhəbbət bəslədiyi Putin “Rusiya Qarabağ münaqişəsinin həllində səylərini davam etdirəcək” deməklə, məsələyə son qoydu. Yəni, kosmetik də olsa hər hansı jestdən, mesajdan əsər-əlamət olmadı. 25 ildir təkrarlanan ifadəni, bir daha təkrarladılar. Əlbəttə, heç bir ağıllı adam Soçi səfərindən Qarabağ uğuru gözləmirdi. Çünki Rusiya Ermənistana münasibətini bütün dövrlərdə açıq etiraf edib və Qarabağın işğalda qalması üçün Ermənistana maddi, mənəvi, siyasi dəstəyini əsirgəməyib. Təsadüfi deyil ki, Rusiya Müdafiə Nazirinin müavini “bizim Qafqazda əsas müttəfiqimiz Ermənistandır” söyləmişdi. Heç iki ölkənin ordularının birləşdirilməsi, qondarma erməni soyqırımı abidəsinin ziyarət edilməsi, Qarabağda qan tökənlərin Rusiyada yüksək fəxri adlara layiq görülməsi də təsadüfi deyil.
Demək istəyirik ki, Soçi görüşündən əvvəl yardılan səs-küy yalançının növbəti cəhdiydi. Bu görüşdə nəinki göydən 3 alma düşmədi, ümumiyyətlə, axıra qədər nağıl da danışmadılar. Rusiya bir daha nümayiş etdirdi ki, “Lazım” ancaq iqtisadi ziyafətlərə təşrif buyura bilər. Biraz da dərinə getsək aydın olar ki, Rusiya üçün münaqişənin ədalətli həlli Gocuq-Mərcanlının, Günnütün, Lələ təpənin simasında təcəlla edib. Yəni, “böyük qardaş”ımız deyir ki, kiçik uğurlarla təsəlli tapın və 20 faiz ərazini xırda-xırda unudun.
Bir sözlə, Soçiyə Qarabağı almaq üçün yollananlar, nələrisə verib, geri qayıtdı. Təbii ki, indi rəsmi təbliğat gözümüzə soxmaq istəyəcək ki, səfərin sətiraltı mesajları var idi, Ermənistan bərk təşvişə düşüb, torpaqları geri qaytarmaq üçün ciddi mərhələ başlayır və.s
Amma bizim qarnımız belə şeylərə tox olduğu üçün, rejimin süfrəsindən nuş etmirik. Rüsvayçı bir təbliğatın, rüsvayçı nəticələrini müşahidə edirik.