Normal dünyadan 30 il geridəyik

Bəxtiyar Hacıyev
Çoxları yazılarımı oxuyub, elə düşünürlər ki, mənim hakimiyyətdən narazılığımın kökündə daha çox siyasi səbəblər, şəxsi narazılıq dayanır. Təbii ki, kimlərinsə haqsız şərlənməsi, ədalətsiz məhkəmələrlə bir neçə il həbsə atılması, 190 manata möhtac əhalisi olan ölkənin məmurlarının milyard-milyard xaricə pul daşıması da məni narahat edir. Amma məni illərdir daxildən yandıran başqa bir məsələ var. Bütün narazılıqlardan ən güclüsü odur.
Dünən gecə NASA-nın və özəl şirkət olan SpaceX-in Beynəlxalq Kosmik Stansiyaya 2 astronavt göndərməsini hamı ilə birlikdə canlı izlədim. Ürəyim dözmədi, gecə bir də bir saatdan artıq hissəsini yenidən izlədim. Paxıllıqla. Məyusluqla. Kövrələrək. Qəzəblənərək. MIT-də təhsil alan dostlarla bir neçə gecə MIT-yə gedəndə onların laboratoriyalarında gördüyüm mənzərələri xatırlayaraq. Orada 19-20 yaşlı gənclərin gecələr üzərində çalışdıqları işlərdən bizim AMEA-da gündüzlər 60-70 yaşlı akademiklərin illərlə xəbərsiz olduğunu xatırlayaraq.
Bu gün hamının fəxrlə danışdığı Elon Musk ilk şirkətini 1995-ci ildə mələk investorlardan aldığı vəsaitlə qurub. 25 il əvvəl və texnologiya startapına sərmayə qoyan mələk investorlar! Sonra o şirkət 307 milyon dollara satılıb, Musk 22 milyon dollarlıq hissəsindən 10 milyon dolları ilə Paypala keçib, 165 milyon dollarla çıxıb. Paypalı eBay 1.5 milyard dollara alıb. Elonun qurduğu SpaceX şirkətinə isə 2008-də NASA 1.6 milyard dollarlıq kontrakt verir.
Bir dəqiqəlik gözünüzü yumub, təkcə mətbuatda təsdiqlənmiş məmur milyonlarını və milyardlarını xatırlayın. Siz Tağı Əhmədovun MTN-ə verdiyi 3 milyonu deyin, mən Cahangir Hacıyevin ölkədən çıxardığı 5-10 milyardı deyim. Siz 2 milyonluq saat taxan qaqaşı deyin, mən 1 milyona ayı yeyəni deyim. Siz 700 000-lik sendviçləri deyin, mən 100 milyon avroluq mülkləri deyim. Milyardlarla dollarlıq “Azerbaijani laundromat” işini isə heç deməyək.
Təsəvvür edin, ölkəyə gələn və məmurların saata, sendviçə, mülkə, bahalı geyimlərə, zinət əşyalarına sərf etdikləri bu milyardların çox kiçik faizi Azərbaycanda elm və texnologiyanın inkişafına sərf edilsə, həmin məmurlar sərvətlərinin çox demirəm, 10-ca faizini “mələk investor” kimi texnologiya startaplarına sərf etsəydilər, bu gün harada olardıq?
2005-ci ildən bu işlərə başlasaydıq, indi 15 yaşında gənclər laptop arxasında kod yazardılar, hansısa mənasız vinerin şit zarafatlarını izləyib, AUE deməzdilər.
2005-də H.Əliyev Fonduna, 2015 və 2019-da bu barədə təkliflər vermişəm. Minimum bir Science Museum yaradılmasından başlamağı təklif etmişəm. Keçən il prezidentə mənim adımdan təqdim olunan 5 təklifdən biri bu olub. Amma ölkənin hər şəhərində və rayonunda H.Əliyev Mərkəzləri, Gənclər Mərkəzləri, Olimpiya Mərkəzləri tikən dövlət üçün Bakıda bir Elm və Texnologiya Mərkəzi yaradıb, gələcəyə sərmayə qoymaq maraqlı olmayıb. Əvəzində “ambissiyan böyükdür” deyib, məni R.Nurullayevin, E.Nəsirovun buraxıldığı parlamentə də buraxmamaq üçün qələbəmi oğurlayıb, Arpadaraiyə veriblər.
Bax, məni ən çox məyus edən, qəzəbləndirən bu vizyonsuzluqdur. Milyardları daşa-divara, sendviçə, brilyanta, şəxsi təyyarələrə xərcləyiblər. Ölkə gəncliyinin potensialını düzgün istiqamətləndirib, Elon Musklar yetişdirmək əvəzinə “AUE jizn voram”, “Kazbekə şey basım, zırranım” oxuyan gənclik yetişdirməkləridir. Görməmişlik, gələcəyi görə bilməməkləri, primitivlikləri, ölkənin təkcə bu gününü yox, gələcəyini də məhv etməkləridir.
Ambissiyam yox, vizyonum böyük ola bilər. Əvvəl-axır bu ölkənin gəncləri dünyanın inkişaf etmiş ölkələrinin yaratdığı elm və texnologiya meyilli mühitdə yaşayacaqlar. Onsuz da normal dünyadan 25-30 il geridə qalmışıq, bir əlavə 20 il də itirməyək. Məni ən çox narahat edən budur.