Nikol Paşinyan Naxçıvanla Azərbaycanı birləşdirəcək yoldan danışıb

Nikol Pashinyan/Facebook

ŞƏKLİN MƏNBƏYİ,NIKOL PASHINYAN/FACEBOOK

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin başçılığı ilə üçtərəfli işçi qrup çərçivəsində bütün nəqliyyat kommunikasiyalarının açılması üzərində işlər aparılır.

“Yaxın gələcəkdə konkret nəticələrə nail olmağa ümid edirik. Bu o deməkdir ki, Ermənistan Azərbaycan ərazisi üzərindən Rusiya və İranla, Azərbaycan isə Ermənistanın ərazisi üzərindən Naxçıvan Muxtar Vilayəti ilə dəmiryol və avtomobil əlaqələrini əldə edərlər”,- deyə Ermənistan Baş naziri Nikol Paşinyan MDB ölkə başçıları Şurasının iclasında bildirib.

O deyib ki, Ermənistan “izolyasiya və düşmənçilik deyil, sülhün bərqərar olması simvolu və vasitələri ola bilən nəqliyyat kommunikasiyalarının açılması ssenarilərini” dəstəkləyir.

Nikol Paşinyan gileylənib ki, adi bir hala çevrilmiş “ədavət və düşmənçilik ritorikası” və “daimi təhdid və təxribatlar şəraitində sülh gündəliyini” irəli sürmək çox çətindir:

“Çoxları nəinki inanmır, bölgəmizdə sülhün və sabitliyin bərqərar olmasını belə istəmir. Və belə bir şəraitdə sülh gündəliyini yeritmək çox çətindir. Lakin biz qətiyyətliyik və regionumuzda sülhə və sabitliyə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Və biz bu məqsədə necə nail olmağı aydın təsəvvür edirik”.

Paşinyan qeyd edib ki, bu məqsədə gətirə bilən yeganə yol dialoq və bölgədə tədricən düşmənçiliyi aradan qaldırmaq, bütün regional nəqliyyat və iqtisadi kommunikasiyaların üzərindən “blokadanın götürülməsidir”.

İkinci Qarabağ müharibəsinə son qoymuş 10 noyabr bəyanatından sonra Azərbaycan və Ermənistanda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasından tez-tez danışılıb.

Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bildirib ki, 10 noyabr bəyanatında Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması “aydın qeyd olunsa da”, bu əlaqə qurulmayıb və Zəngəzur dəhlizi ilə bağlı “danışıqlar nəticəsiz qalır”.

O, çıxışlarında Zəngəzur dəhlizindən danışarkən dəfələrlə vurğulayıb ki, bu nəqliyyat kommunikasiyasının açılması bölgə ölkələri üçün iqtisadi cəhətdən faydalı olacaq.

“Paşinyan Zəngəzur dəhlizini nəzərdə tutur, amma…”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Nikol Paşinyan Ermənistandan Naxçıvana yol dedikdə Zəngəzur dəhlizini nəzərdə tutur, amma onu da əlavə edir ki, digər nəqliyyat kommunikasiyaları açılmalıdır: “Yəni, Paşinyan “biz Azərbaycana yol verəcəyiksə, onlar bunun ikiqatını etməlidirlər” demək istəyir. O, bütün komminikasiyaların açılmasını istəyir, amma konkretləşdirmir ki, hansı yolları nəzərdə tutur”.

Elxan Şahinoğlu vurğulayır ki, əslində Zəngəzur dəhlizi açılarsa, bu yoldan Azərbaycanla yanaşı həm Rusiya, həm Ermənistan, həm də İran faydalanacaq.

“Əslində, Ermənistan yolun açılmasına razıdı, amma narahatdırlar ki, Azərbaycan dəhliz üzərində nəzarətini gücləndirə bilər”.

Elxan Şahinoğlu Paşinyanın bu çıxışı “qulağa xoş gəlmək” üçün etdiyini, indiyə kimi sərhədlərin, kommunikasiyaların açılması barədə “vədlər verdiyini, amma real addımlar atmadığını” düşünür.

Siyasi şərhçiyə görə, Ermənistan hakimiyyəti “əlindən gələni” edir ki, sülh sazişi imzalanmasın: “Sülh sazişinin imzalanarsa, hər iki ölkə qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu zaman Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımalı olacaq. Bu olmasın deyə, bu cür bəhanələr gətirirlər”.

Onun qənaətincə, Qarabağda da vəziyyət gərginləşib və “bu atmosferdə” dəhlizin tezliklə açılacağını söyləmək çətindir.

Qarabağda son günlər atəşkəsin pozulması ilə bağlı xəbərlər gəlir və tərəflər bunda bir-birini ittiham edir.

Azərbaycan Qarabağ ərazisində olan erməni silahlılarının ölkədən çıxarılmasını tələb edir və bu zaman 10 noyabr bəyanatına istinad edir.

bbc.com