Ələsgər Məmmədli: Qanuna görə qərarda müvəqqəti yox, neçə günə bağlanması qeyd edilməliydi
Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə Milli Teleradio Şurasının ANS kanalının müvəqqəti dayandırılması haqda qərarını şərh edərkən bildirib ki, “Teleradio Yayımı haqqında” Qanunun 23.1-ci maddəsində “23.1. Teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır”- müddəasına yer verilir: “2015-ci ildə, bu qanuna salınıb. Amma bu maddənin işlədilməsi üçün konkret Qanunun hansı müddəasını və hansı lisenziya şərtinin pozulduğu aydın qərarda göstərilməlidir. Ayrıca burdakı müvafiq dövlət orqanının kimliyi 2002-ci ildə Prezident Fərmanı ilə “dövlət orqanı”nın səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir”-
Dolayısı ilə Azərbaycan Qanunvericiliyində RYTN-nin televiziyanı MTRŞ qərarı olmadan dayandırma səlahiyyəti yoxdur”.
Ələsgər Məmmədlinin sözlərinə görə, qanunda iki yanaşma var: “Birinci, 30 günə qədər fəaliyyətin dayandırılması, ikinci də lisenziyanın ləğv olunması. Qanuna görə qərarda müvəqqəti yox, neçə günə bağlanması qeyd edilməliydi. Nəhayət, qanunda Respublika Prokurorluğunun bu məsələylə bağlı müraciət etməsi barədə heç nə yoxdur. Qanuna əsasən MTRŞ özü müşahidə aparır və müşahidə çərçivəsində qanun və lisenziya şərti pozulubsa, qərar qəbul edir. Bəli, məntiqlə prokurorluq qanunun pozulmasını xəbər verə bilər. Amma əsas məsələ odur ki, neçə gün bağlanması mütləq göstərilməlidir, çünki qanunda müvəqqəti barədə heç nə yoxdur”.