Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
25 yanvar tarixində hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən səxlərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs T.Bağırov 20 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Taleh Bağırzadə və Abbas Hüseynova 20, Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verilib. Taleh Bağırzadə və Abbas Hüseynov həbslərinin ilk 7 ilini qapalı rejimli həbsxanada çəkəcəklər.
Həmçinin Fuad Qəhrəmanlı 10, Abbas Hüseynov 20, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadə isə hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri – R.Cəbrayılov, Z.Mustafayev, C.Cabbarov, C.Babakişizadə, Ş.Abduləliyev, A.İsmayılov, R.Yariyev, A.Quliyev, İ.Xudaverdiyev, E.İsmayılov, B.Əskərov, Ə.Nuriyev, Ə.Vəliyev, F.Balayev, A.Tağızadə və A.Hüseynov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Bu şəxslər 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.
F.Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.