“Əslində həmin yol xəritəsinin nədən ibarət olduğunu deyə bilmərəm. Çünki tanış deyiləm. Amma Azərbaycanda iqtisadiyyatla bağlı araşdırma aparanlar, ekspertlər illər boyu hökumətin nə etməsi ilə bağlı dəfələrlə proqramlar səsləndiriblər. Güman etmirəm ki, Azərbaycan iqtisadiyyatını fərqli bir şeylə normal liberal bazar dəyərlərinə gətirib çatdırmaq mümkün olsun.
İlk növbədə inhisarçılığın ləğvi lazımdır. Çünki monopoliya olan yerdə heç vaxt azad rəqabət ola bilməz. Monopoliya olan yerdə məmur sahibkarlığından söhbət açmaq olar. Hökumət çevik siyasət yeritmək üçün Nazirlər Kabinetinin həm strukturuna, həm tərkibinə əl gəzdirməlidir. Hər gün dövlət büdcəsi hesabına hər hansı səhmdar cəmiyyətlər, dövlət şirkətləri yaratmaqla güman etmirəm ki, işsizliklə bağlı problemlər həll olunsun və ya əlavə dəyər yaradan şirkətlər ortalığa çıxsın. Bu baxımdan mən hesab edirəm ki, nə qədər ki, Azərbaycanda məmur kapitalizmi var, məmur sahibkarlığı mövcuddur, dövlət resurslarından öz şəxsi mənfəətləri üçün istifadə edənlər var, heç vaxt hər hansı yol xəritəsi normal bazar iqtisadiyyatına gətirib çıxara bilməz. Ölkədəki daha məlumatlı olan iqtisadçıların islahat təkliflərindən istifadə etsəydilər yol xəritəsi daha mükəmməl olardı.”
“Financial times” qəzeti yazir ki, Azərbaycan prezidentinin iqtisadi islahatlar
üzrə müşaviri olan Natiq Əmirov «McKinsey» məşvərət şirkətini cəlb edib, həmin şirkət 2025-ci ilədək və ondan sonra üçün “İqtisadiyyatın yol
xəritəsini” hazırlayır. Həmin xəritə oktyabrda təqdim olunmalıdır.