Bəzi müğənnilər dost-tanış toyunda pulsuz oxumaqlarına baxmayaraq, nazirliyin onlardan vergi almasından şikayətlənib. Axşam.az-ın məlumatına görə, “Xəzər xəbər” Vergilər Nazirliyin nümayəndəsindən bununla bağlı fikir öyrənib. Nazirliyin bölgə rəisi Şahin Məmmədov bildirib ki, bunu sübut etmək olduqca çətindir:
“Şou-biznes nümayəndələri bəhanələr edir. Müğənnilər bütün toyu dost-tanış adıyla vergidən yayındırmağa çalışırlar. Qanunvericilikdə belə güzəşt yoxdur. Vergi öhdəliyi var, çıxış edirsə, gəlir əldə edir. Ola bilər bacı, qardaş toyuna qatılırlar, vergi buna güzəştə gedir. Amma dost-tanış anlayışı bizdə yoxdur. Əgər şadlıq evində çıxış edibsə, mütləq qeydiyat kitabına salınmalıdır.
Respublika ərazisində yanvar-may aylarında 9 minə yaxın toy keçirildiyi göstərilib. Onun 33 faizi qeydiyyat kitabına salınmayıb. Müğənnilərin böyük əksəriyyəti çıxışlarının qeydiyyat kitabçasına salınmasına mane olurlar. Bunun ortalama faizi 45-ə yaxındır”.
Müğənni Niyam Salami isə getdiyi dost toyuna görə vergi ödəməsinə etirazını bildirib:
“Şadlıq evinə kamera qoyublar, göstərirlər ki, orda var. Kamera nə bilir mən havayı, yoxsa pulla gəlmişəm? Deyirdilər, ay 30 gündür, biz 45 toya gedirik. Get da indi niyə getmirsən? Bu aləmi onlar xaraba qoydu. Dedilər ki, bunlar milyarderdir, Azərbaycanı sökürlər, pul da vermirlər”.