Onunla bağlı FETÖ ilə əməkdaşılıq iddiası, külli miqdarda borc ehtimalı, İŞİD-lə əlaqəyə girərək, qaçaq neft daşınması barədə ittihamların olduğu vurğulanır
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbulda həbs olunması hazırda sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu həbsin səbəbi ilə bağlı bir neçə versiya irəli sürülüb.
Təbii ki, hansı versiyanın doğru və ya yalan olduğunu söyləmək çətindir. Azərbaycan hökumətinə yaxın mənbələrin iddiasına görə, Mübariz Mənsimov Türkiyədə biznesini genişləndirmək üçün Azərbaycan banklarından milyardlarla vəsait alıb.
Ancaq həmin vəsaiti geri qaytarmaqda çətinlik çəkir. Hazırda Mübariz Mənsimovun dövlətə 1 milyard manat borcunun olduğunu deyənlər də var.
Əslində Mübariz Mənsimov özü ötən ayın əvvəllərində yazdığı statusda həbsində kimlərin maraqlı olduğunu açıqlamışdı. Sözügedən statusun linkini yazının sonunda təqdim edəcəm.
Həmin statusda Mübariz Mənsimovun xüsusi vurğuladığı məqamları belə sıralamaq olar:
1) Benim eski satılmış çalışanlarımı, bazı hâkimleri, devlet adamlarını satılan mal gibi almışlar.
2) Beni en çok üzeni söyleyim, bu satılmışların içinde benim hemşerilerim var. Azerbaycan türkleri. Beni düşman mı zannettiniz?
3) Bana FETO’cu demektense kendinize, geçmişinize ve çocuklarınızın nerde eğitim aldığına bakın.
Bu fikirlərin anlamı odur ki:
1) Bu həbsin arxasında Türkiyənin müəyyən dairələri dayanır.
2) Azərbaycan türkləri də bu işin içində yer alıb.
3) FETO və Fətullah Gülən söhbəti bəhanədir.
Bu həbsə ictimai marağı nəzərə alaraq, “Palmali” Şirkətlər Qrupunun 52 yaşlı sahibi haqqında Qərb mətbuatında gedən bəzi məqamlara toxunmaq istərdim. Bu məqamlar da onun həbsi ilə bağlı müəyyən ehtimallara yol aça bilər…
O, 1998-ci ildə Türkiyəyə gəlib. Biznesə başlayıb. 2007-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib. 2009-cu ildə Türkiyənin ən gənc milyarderi adını alıb. 2014-cü ildə Türkiyənin ən zəngin 10 adamından biri olub. 2015-ci ildə “Forbes” jurnalı onu dünyanın ən zəngin 500 adamı sırasına daxil edib. Adıçəkilən jurnal onun barəsində (fotosu ilə birlikdə) məqalə də verib (yazının sonunda istifadə etdiyim linkləri də təqdim edəcəm).
Avstraliyaya məxsus “newsblaze” saytı onun fəaliyyəti ilə bağlı diqqətçəkən bir neçə məqama toxunub. “PALMALI Group of Companies Accused of Violating USA Sanctions” (Palmali Şirkətlər Qrupu ABŞ sanksiyalarını pozub) adlı məqalə External Writer tərəfindən yazılıb və 14 avqust 2019-cu ildə çap olunub.
Məqalədə əsas ittihamlar belə sıralanır:
1) İki gəmi – Rusiya bayrağı altında üzən Ağdaş və Malta bayrağı altında üzən Ağsu gəmiləri “Palmali” Şirkətlər Qrupuna məxsusdur. Bu gəmilər 2009-cü ildə qüvvəyə minən Amerika sanksiyalarını pozaraq, İrandan neft daşıyıb. 2019-cu ilin ilk dörd ayında bu iki gəmi İranın Bəndər Abbas və Siraf limanlarından 16 dəfə yüklə çıxıb və yük Birləşmiş Ərəb Əmirliyinin Əl-Füceyrə limanına daxil olub. Onun İran neftini daşıyan bir tankerinin bir neçə il əvvəl saxlanılması isə qalmaqala səbəb olmuşdu…
2) Mübariz Mənsimov İraq neftinin qeyri-qanuni şəkildə daşınmasında da ittiham olunur. Belə ki, həmin neft İŞİD-in nəzarətində olarkən “Palmalı” Şirkətlər Qrupu həmin nefti daşıyıb. Yəni, İŞİD-lə əməkdaşlıq edib.
“Newsblaze” saytı Rusiyanın nüfuzlu “Novaya Gazeta” nəşrinə istinadən yazır ki, Mübariz Məsimovun bu fəaliyyəti ABŞ və Rusiya arasındakı yüksək səviyyəli danışıqlar zamanı müzakirə olunub. O vaxt Mübariz Məsimov Rusiya vətəndaşı imiş. Elə bu səbəbdən də o, Rusiya vətəndaşlığından çıxıb və biznesini bütövlükdə Türkiyəyə köçürüb.
Bir daha qeyd edim ki, Mübariz Mənsimov 2007-ci ildə Türkiyə vətəndaşı olub. Ancaq Türkiyədə ikili vətəndaşlıq mümkündür. Ola bilər ki, Mübariz Mənsimov 2019-cu ildə Rusiya vətəndaşlığından çıxıb. İkinci məqam, “ABŞ və Rusiya arasındakı yüksək səviyyəli danışıqlar” dedikdə hansı səviyyə nəzərdə tutulur? Ümumumiyyətlə, bu danışqlar neçənci ildə və harada, kimlərin iştirakı ilə olub, bu, bəlli deyil…
Maltaya məxsus “independent.com.mt” saytı isə 27 dekabr 2015-ci ildə yazıb ki, Mübariz Mənsimov İŞİD-lə əlaqəyə girərək, qaçaq neft daşıdığı haqqında deyilənləri təkzib edir.
Elbəyi Həsənli, Sürix