Mitinqə şüar hazırladığına görə mətbəələr də hədəfə gəldi

2015-ci ilin 25 oktyabrında keçirilən mitinqdən sonra mitinq iştirakçıları, o cümlədən əlaqəli şəxslər müxtəlif formalarda sorğu-suala və ya hədəyə məruz qalıblar. qehreman_1Artıq mətbuatda və sosial şəbəkələrdə bu barədə geniş məlumatlar verilib. Aldığımız məlumata görə mitinqin texniki və təşkilati işlərinin həyata keçirilməsində xidməti işlər yerinə yetirənlər də təzyiqlərə məruz qalırlar. Bu qəbildən “Viktoriya” nəşriyyat evinin çap işləri üzrə məsul şəxsi Qəhrəman Muxtarov da artıq üçüncü dəfədir ki, gərginlik yaşadığını deyir. Bununla bağlı Qəhrəman Muxtarovla görüş keçirdik.

-Qəhrəman müəllim, nə baş verir. Nəşriyyatda çap işlərinə də imkan vermirlər? –  Bizim işlərimiz normal gedir demək olar. Lakin, son dövrlər artıq üçüncü dəfədir ki, mətbəəmizə gəlirlər və nə iş gördüyümüzlə maraqlanırlar. Maraqlı burasıdır ki, gələnlər vergilər nazirliyinin əməkdaşları kimi özlərini təqdim etsələr də, nə mühasibatlığın sənədlərilə, nə də verilən sifarişlər və onların taariflərilə maraqlanmırlar. Birbaşa mənim məsul olduğum şöbəyə gələrək hansı çap işləri gördüyümüzlə maraqlanırlar. Bu xüsusilə bu ilin martında keçirilən mitinqdən sonra baş vermişdi. O zaman biz şüarları çap etdiyimizə görə təzyiqlərə məruz qaldıq. Bizim bu işləri görməyimizin ziyanı olacağını bildirdilər. Məni isə xeyli sorğu-sual etdilər ki, belə çap sifarişlərini qəbul etməyim. Təbii ki, burada kommersiya marağı olduğundan və mən mətbəəyə birbaşa cavabdeh olmadığımdan cavab verdim ki, mənə nə sifariş versələr onu da yerinə yetirirəm. Sonuncu mitinqdən sonra isə başqa adamlar gəldilər və qeyd etdilər ki, “Müsavat” partiyasının şüarlarını biz hazırladığımıza görə cəzalanacağıq. Hesab edirəm ki, burada mənim “Ümid” Partiyasının üzvü olmağım da rol oynayır və siyasi sifarişli bir məsələdir.

-Qəhrəman müəllim, hal-hazırda vəziyyət necədir, yəni konkret olaraq mətbəənin fəaliyyət göstərməsilə bağlı məhdudlaşdırıcı addım atılıbmı? – Əslində məhdudlaşdırıcı addımın atılması gözləniləndir. Lakin, mən mətbəənin sahibi olmadığımdan ola bilər ki, rəhbərliklə razılaşıb başqa qərar versinlər. Doğrudan da hər gün müxtəlif adamların mətbəəyə gəlməsi və bəzi hallarda mənimlə sorğu-sual da aparılması onu göstərir ki, hansısa qərarın verilməsi planlaşdırılır. Xüsusilə onu bir daha vurğulamaq istərdim ki, yoxlama adıyla gələnlər heç vaxt mühasibatlıq sənədlərini, ya da sanitar-epidemioloji vəziyyəti, ya da mətbəənin texniki şəaritini yoxlamırlar və bununla bağlı hər hansı irad bildirmirlər. Xüsusi olaraq daha çox sorğu-suala mənim çəkilməyim mənim cəzalanacağım anlamına gəlir. Lakin, bu cəzalanmanın nədən ibarət olacağını bilmirəm. Yəqin bu mənim işimi itirməyimlə nəticələnə bilər. Hər halda mətbəəni xilas eləmək üçün bu optimal variant hesab oluna bilər. Amma mətbəə fəaliyyətini davam etdirir.