“Mənə dedi ki, bir də qapıma bu məsələ ilə bağlı kim gəlsə, tutduracağam” – şikayətçi
Musavat qəzeti deputat Mirzəcan Xəlilovla bağlı maraqlı araşdırma edib. Belə ki, qəzetin məlumatlarına görə, M.Xəlilovun dəyəri milyonlarla ölçülən mülklərə sahiblənməsi deputatlıqdan xeyli əvvəllərə gedib çıxır. “Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə sirdirsə məhz M.Xəlilovun rəhbərlik etdiyi “Azərsutəchizattikinti” ASC tenderlərin qalibi elan olunur. Son 6 ildə bu ASC milyonlarla manatlıq tenderlərin “qalibi” olub. Araşdırma nəticəsində o da məlum olub ki, son illərdə M.Xəlilov təkcə villasının fasadında işləyənlərin deyil, villanın içində işləmiş ustanın da pulunu kəsibmiş. Araşdırmamız zamanı bir il öncə – 2015-ci il oktyabrın 8-də bir neçə internet portalında bu barədə vətəndaş şikayətlərinin yazıldığı ortaya çıxdı. Məsələn, bəlli olub ki, vətəndaş Mikayılov Zaur Əjdər oğlu 2015-ci ilin iyul-avqust aylarında M.Xəlilovun Novxanıdakı nəhəng şəxsi imarətinin sauna hissəsinə jalüzlərin qurulması işini görüb, dizayner xidməti göstərib. Prosesin gedişində işlərin həcmi artıb Z.Mikayılov 3950 manata kəsdikləri əvvəlki qiymətin müvafiq olaraq 4900 manata çıxacağını M.Xəlilovun adamlarına bildirdiyində ona işinə davam etməyini tövsiyə ediblər və pulun qalanının da ödəniləcəyinə əmin ediblər. Lakin iş başa çatandan sonra M.Xəlilov ilkin razılaşma çərçivəsindən kənara çıxan 1000 manata yaxın pulu ödəməkdən imtina edib. O, hətta zəhmətinin haqqını tələb edən ustanı kobud sözlərlə təhqir edərək, villasından qovub. Bu məsələdə daha bir zərərçəkən də Bəhruz Musayev adlı usta olub. “Azərsutəchizattikinti” ASC-nin rəhbəri ondan pulunu tələb edən bu ustanı da villasından qovaraq şərləyib həbs etdirməklə hədələyib.
Deputatdan şikayətçi olan usta Zülfüqar Əliyevin sözlərinə görə, Mirzəcan Xəlilovdan pulu tələb edəndə onu da hədələyib: “Mənə dedi ki, 150 min manat xərc çəkib səni tutduracağam, başına oyun gətirdəcəyəm. Mən bundan sonra onun yanına üç dəfə ağsaqqal göndərdim ki, məsələ dinc yolla həllini tapsın. Ağsaqqal birinci dəfə gedəndə Mirzəcan Xəlilov demişdi ki, üzlük daşları aldıqları sexin pulunu verərəm. İkinci dəfə gedəndə isə bildirmişdi ki, Zülfüqar sexin pulunu cibindən verməyəydi, mən Zülfüqara pul verəsi deyiləm. Üçüncü dəfə isə demişdi ki, bir də qapıma bu məsələ ilə bağlı kim gəlsə, tutduracağam.
Bundan bir sıra yüksək dövlət orqanlarına rəsmi ərizə ilə müraciət etdim. Mirzəcan Xəlilov vəzifəsindən və maddi imkanından istifadə edir, hara ərizə yazıramsa baxılmasına mane olur. Mirzəcan Xəlilov borcunu ödəmək əvəzinə məni həbs etdirmək üçün 5 may 2016-cı ildə məhkəməyə də şikayət edib. Mən prezidentə şikayət ünvanlamışdım. Mirzəcan Xəlilov bundan qəzəblənib, Abşeron Rayon Məhkəməsinə həbs olunmağım tələbi ilə şikayət verib. Guya onun şərəf və ləyaqətini təhqir eləmişəm. Şikayətində məni ondan 35 min manat alıb işi yarımçıq qoyub qaçmaqda şərləyirdi və həbsimi tələb edirdi. Məhkəmə oldu və mən ondan iş üçün 160 min manat aldığımı və son qəpiyinə qədər işə xərcləndiyini sübuta yetirdim. Bildirdim ki, Mirzəcan müəllim mən işi dayandırdıqdan sonra işləyən ustaya 15 min manat veribsə, bu, mənlik deyil. Məhkəmə günahkar olmadığımdan xüsusi ittiham qaydasında şikayət üzrə icraata iyunun 29-da xitam verdi. Bundan sonra Mirzəcan Xəlilov Ağdam Rayon Məhkəməsinə şikayət verib. Bu dəfə də mənə qarşı eyni şərləmələr iddiada əksini tapır və bu dəfə həbsimi yox, 100 min manat təzminat ödəməyim barədə qərar çıxarılmasını istəyir. Hazırda iş Ağdam məhkəməsindədir. Əslində Mirzəcan Xəlilovun məqsədi odur ki, məni qorxutsun və ondan borcunu ödəməsini tələb etməyim”.
Məsələ ilə bağlı ittiham edilən tərəfin fikirlərini dərc etməyə hazırıq.