Demokratik Qüvvələrin Milli Şurası bu gün Novxanıda Azərbaycan Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə yürüş-mitinq keçirib.
Milli Şuradan verilən məlumata görə, 28 May İstiqlal bayramı hər il olduğu kimi, cümhuriyyətin qurucusu Rəsulzadənin abidəsi önündə mitinqlə qeyd olunub.
Mitinq açıq elan olunub. Cıxışa ilk olaraq Milli Şuranın sədri Cəmil Həsənli başlayıb.
Cəmil Həsənli Rəsulzadənin keçdiyi yolu, apardığı mübarizəni xalqa xidmətin örnəyi adlandırıb.
Milli Şura sədri cıxışında Rəsulzadənin öz çiyindaşları ilə apardığı mübarizədən, göstərdiyi fəaliyyətdən danışıb.
Cəmil Həsənli may ayını Rəsulzadə ayı adlandırdı. O bildirdi ki, Rəsulzadənin qurduğu dövlətin quruluş tarixi bu aya təsadüf edirsə deməli, Rəsulzadənin də doğum tarixi elə bu aydır.
Cəmil Həsənli daha sonra bildirdi ki, Rəsulzadənin qurduğu dövlətdə 23 ildir ki, bir abidə ucaltmadılar. Yeganə abidəsi bu kənddədir. Amma o heykel polis gücünə qorunan çoxsaylı heykəllərdən fərqli olaraq qəlblərdədir, qəlbən sevilir.
Milli Şura sədrindən sonra AXCP lideri Əli Kərimliyə söz verilib. Əli Kərimli Azərbaycan uğrunda mübarizə aparan, onun istiqlalına nail olan və sonralar da o istiqlalın bərpası eşqilə canlarını tapşıran Rəsulzadə və tərəfdarlarının, elecə də müstəqilliyimizin bərpasından sonra Azərbaycan uğrunda şəhid olanları rəhmətlə anıb.
Azərbaycanda Rəsulzadə ideyaları uğrunda mübarizənin bu gün də davam etdiyini və bunun uğrunda çox sayda insanların zindanlardan keçdiyini bildirib, AXCP sədri xüxusi ilə yenicə həbsdən çıxan Xədicə İsmayılın adını çəkib və meydanda olan jurnalisti salamlayıb.
Əli Kərimli çıxışında qeyd edib ki, bu gün Azərbaycanda Rəsulzadənin adını her yerdən götürüblər. Uzaq Ankarada onun adına bir lisey var, onunla da ədavət aparırlar, ona soyuq münasibət bəsləyirlər.
Bu ölkədə Resulzadəyə abidə qoyulmur, ama öz heykəllərini polis gücünə də qoruya bilmirlər” deyən Əli Kərimli hakimiyyətə də ismarıc göndərdi: “Birdəflik anlayın artıq – keçmişimiz Rəsulzadə olduğu kimi, gələcəyimiz də Rəsulzadədir”.
Əli Kərimlidən sonra Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə qısa çıxış edərək Milli Şura rəhbərliyinə və aksiya iştirakçılarına təşəkkürlərini çatdırıb.
Sonda aksiyada iştirak edən AXCP Gənclər Komitəsi üzv və tərəfdarları Cəmil Həsənli və Əli Kərimli ilə birlikdə Rəsulzadənin abidəsi önündə xatirə şəkili çəkdirib.