Milli Şura Dağlıq Qarabağ problemi üzrə Vyana danışıqlarının yekunları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir.
16 may 2016-cı il tarixində Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti, sayca 43-cü görüşü keçirilmişdir. Bu görüşdən bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin danışıqlar prosesindən çıxdığını bəyan etmiş və Ermənistanın danışıqlarda iştirakının əsas şərti kimi Azərbaycanın ışğal altında olan torpaqlarını öz gücü ilə azad etməyəcəyinə və işğal olunmuş ərazilərdə status-kvonun dəyişməyəcəyinə dair təminat tələbini irəli sürmüşdü. Görüşdən bilavasitə öncə Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, qarşı tərəfin bu görüşdən gözləntisi 1994-cü il atəşkəs razılaşmasının möhkəmləndirilməsi idi. Azərbaycan prezidentinin mətbuat katibinin verdiyi məlumata görə görüşdə söhbətin ilk növbədə atəşin dayandırılması və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi barədə olacağı gözlənilirdi. Təəssüf ki, Azərbaycan hakimiyyəti həmişə olduğu kimi bu dəfə də görüşün nəticələri barədə Azərbaycan cəmiyyətini məlumatlandırmamağı üstün tutdu. Həmsədrlərin görüşün nəticələri haqqında yaydığı yekin bəyanatda deyilir ki, prezidentlər 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməklə bağlı razılığa gəlib, atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər”. Bəyanatdan göründüyü kimi danışıqlar nəticəsində Ermənistan tərəfinin 1994-cü il atəşkəsinin möhkəmləndirilməsi ilə bağlı bütün tələbləri qəbul olunduğu halda Azərbaycanın tərəfinin heç bir gözləntisi özünü doğrultmayıb, yekun bəyanatda “erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi” barədə məlumat və ya ölkəmizin həyati maraqlarına cavab verən bir ifadə və ya bir eyham belə yer almayıb. Bu isə Azərbaycan siyasi hakmiyyətinin milli maraqlarımızdan edilən növbəti yolverilməz güzəşti kimi qiymətləndirilməlidir və qəbuledilməzdir. Azərbaycan rəhbərliyi aprel ayında xalqımızın yüksək vətənpərvərlik ruhu, əsgər və zabitlərimizin şücaəti və müqəddəs şəhidlərimizin qanı hesabına əldə etdiyimiz hərbi üstünlüyü Vyanada danışıqlar masasına yatıra bilmədi. Əksinə, öz üzərinə işğal altında olan torpaqlarımızı öz gücümüzlə azad etməyəcəyimizə dair öhdəlik götürməklə və bu tələbi beynəlxalq hüququn başqa bir prinsipi- Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqlarını bərpası tələbi ilə şərtləndirə bilmədiyindən ölkəmiz haqlı ikən haqsız duruma salınmış və danışıqların yekununa dair bəyanatda işğal faktı və işğalçının məsuliyyəti ilə bağlı heç bir tələb irəli sürülməmişdir.
Bu nəticə aprel savaşında Azərbaycan rəhbərliyinin “erməni tərəfinin xahişi ilə” qəbul etdiyi hücumda olan müzəffər Ordumuzun mövqelərindən geri çəkilməsi və atəşkəs haqqında siyasi qərarın milli maraqlarımız baxımından nə dərəcədə yanlış və ziyanlı olduğunu bir daha sübut edir. Təəssf ki, Əliyev rejimi ona Qarabağ, Vətən torpaqlarının işğaldan azad olunması naminə savaşda tam dəstək verən Azərbaycan müxalifətinin və xalqının xahişinə deyil, işğalçının xahişinə əməl etdi və ardınca Azərbaycan müxalifəti üzərinə absurd “hücum əməliyyatı” həyata keçirdi.
Xalqımız yüzdən çox igid oğlunu Vətənin ərazi bütövlüyü uğrunda qurban verəndən sonra işğal altında olan torpaqlarımızı öz gücümüzlə azad etməyəcəyimizə dair öhdəlik götürmək Azərbaycan rəhbərliyinin üzərinə təkcə siyasi yox həm də ağır mənəvi məsuliyyət qoyur. Azərbaycan ərazilərinə atəşkəsə riayət edilməsinə nəzarət məqsədilə kameraların quraşdırılması haqqında yayılan məlumatlar isə xüsusilə alçaldıcıdır və milli ləyaqət hissindən məhrum olmayan heç bir dövlət bu tələbi qəbul edə bilməz.
Qarabağ münaqişəsinin yekun həllinə dair danışıqların iyun ayında keçirilməsi ilə bağlı məlumat bizdə xüsusi narahatlıq doğurur. Azərbaycan üçün bu qədər əlverişsiz şərtlər altında, Azərbaycan xalqından gizli şəkildə aparılan danışıqlar və əldə edilən razılaşmalar Qarabağın yekun statusu ilə bağlı ciddi şübhələrimizi və narahatlığımızı daha da artırmaqdadır.
Milli Şura olaraq biz Azərbaycan siyasi hakimiyyətinin yürütdüyü özünü Azərbaycan xalqından və demokratik dünyadan təcrid etmək siyasətinin kökündən yanlış olduğunu və məhz bu məsuliyyətsiz və səriştəsiz siyasətin Azərbaycanın Qarabağ danışıqlarındakı haqlı və ədalətli mövqelərinə ağır zərbə vurduğunu bəyan edirik. Əminliklə bildirirk ki, Azərbaycan cəmiyyəti və xalqı hakimiyyətin repressiv və anti-xalq mahiyyətli daxili, yarıtmaz və perspektivsiz xarici siyasətinin, milli maraqları hakimiyyət maraqlarına qurban verməsinin bədəlinin Qarabağ müstəvisində alçaldıcı kompromislərlə ödənilməsi gerçəyilə heç vaxt və heç bir şərtlər altında barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa, torpaqlarımızın son qarışı işğaldan azad olunanadək mübarizə və döyüş əzmindən imtina etməyəcəkdir.