Milli Şuranın mitinqi başa çatıb. Təşkilatçıların məlumatına görə, aksiyada 10 min nəfərdən artıq iştirakçı olub.
Mitinqdə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlərindən iqtisadçı Vahid Məhərrəmli, hüquq müfdafiəçisi Oqtay Gülalıyev, keçmiş millət vəkili Gültəkin Hacıbəyli, eləcə də siyasi məhbus ailələri adından Qiyas İbrahimin anası Şura İbrahimova, gənclər adından AXCP Rəyasət Heyətinin üzvü Emil Səlimov və sonda AXCP lideri Əli Kərimli çıxış edib. Milli Şuranın sədri Cəmil Həsənli mitinqdə iştirak etməyib, çünki xaricdə səfərdədir.
AXCP sədrinin çıxışı zamanı güc strukturlarının mülki geyimliləri meydanda təxribat törədib. Onlar aksiya iştirakçılarının əlində olan bəzi plakatlara irad bildiriblər. Həmin plakatları aksiya iştirakçılarınınəllərindən alıblar. Əli Kərimli isə aksiya iştirakçılarını təxribata uymamağa səsləyib.
AXCP lideri çıxışında aksiya iştirakçılarını buzqıran gəmi ilə müqayisə edib: “100 milyardı mənimsəmiş, hakimiyyəti qəsb etmiş, 24 ildə bir dəfə də olsun demokratik seçki keçirməyən qüvvə 10 minlərin sözü ilə hakimiyyəti tərk etməyəcək. Biz daha çox olmalıyıq…”.
Əli Kərimli ölkədə təhsilin, səhiyyənin səviyyəsindən danışıb. “Siz bu ölkənin təhsilini məhv etdiniz, səhiyyəsin məhv etdiniz, məhkəməsin məhv etdiniz . Nə istəyirsiniz bu xalqdan?”, deyə o sual edib.
AXCP lideri aksiyada iştiraka maneələr yaradıldığını da vurğulayıb: “Rayonlardan maşınları buraxmayıblar. Bəzi yerlərdə şənbə günü olmasına baxmayaraq, insanları işə çağırıblar. Amma sizi durdura bilməyiblər. Onların gücü əllərindəki dəyənəkdə, bizim gücümüz vətən eşqindədir. Biz bütün maneələri aşıb gəlmişik ki, korrupsioner hökumətdən izahat tələb edək. Soruşaq ki, necə oldu altı-üstü qızıl olan bu məmləkəti, 10 milyonluq xalqı Ermənistana uduzdurdunuz?”.
“Siz bura gəldiniz ki, Fuad Qəhrəmanliya, Seymur Həziyevə, Taleh Bağırova, Abbas Hüseynə və digər siyasi məhbuslara azadlıq tələb edəsiniz” deyən Əli Kərimli həbs edilən müxalifətçiləri siyasi girov adlandırıb.