2014-cü ilin fevral ayında Bakı Metropolitenin rəisi postunda dəyişiklik ilə eyni zamanda 2000-ə yaxın insanın da, həyatı “dəyişmişdi”.
Belə ki, yeni gələn Metropoliten rəisi Zaur Hüseynov, metroda ticarət köşklərinin ləğv olunması göstərişini vermişdi. Bu da, çörəyi “yeri altından” çıxan bir çox insanı işsiz qoymuşdu. Yeni postunu minlərlə ailəni ac qoymaqla “yuyan” Zaur Hüseynovun, bir gün insafa gələcəyinə umid edənlərin ümidi boşa keçəcəyi gün kimi aydındır. Çünki, artıq yenidən bərpa işləri aparılan bir neçə metro stansiyalarda, köşklərin yerində reklam posterləri və dekorativ lövhələr yerləşdirilib.
Bir vaxtlar metroda işləyən, indi isə işsiz qalan həmin insanların bir neçəsinin mövzu ilə bağlı fikirlərini öyrəndik.
Elvin Nəsibov: “Təxminən bir il yarım əvvələ kimi pis yaxşı dolanmağa çalışırdıq. Lakin, ticarət yerlərimiz ləğv olunandan bəri işsizəm. İş üçün hər yerə müraciət edirik boşa çıxır. ailəmin üzünə baxa bilmirəm. Üç uşağım var. Metroda ticarəti ləğv edənlərin acdan necə xəbəri ola bilər ki?”
Nurlan Tağıyev: “İl yarımdı ki, işsizlikdən və yaşamaqdan bezmişik. Metroda birlikdə ticarət etdiyimiz yoldaşların hamısı mənim kimi işsizdir. Fəhləliyə də yaramıram. Əgər, dedikləri kimi ölkə iqtisadiyyatı inkişaf edirsə, niyə işsizlərin sayı artır? Bunu düşünən varmı? 20% ümid edirdik ki, nə vaxtsa metroda yenidən ticarət köşkləri açılacaq, amma, bu reklam lövhələrindən sonra ümidimiz qalmayıb”
Sənan Vəliyev: “Metroda ticarət köşklərində 1500-2000 insan ailəsini dolandırırdı. Çoxu hələ də işsizdir. Çətindi bu ölkədə, məmurların tüğyan etdiyi belə demokratik ölkədə yaşamaq. heç nəyə onsuzda ümid etmirdim. Bu məmurlarda insaf yoxdu. Balaları lüks həyatı yaşayır, amma, bizim balalarımız isə orta səviyyəli həyata da həsrətdi. Səbəb nədir? Səbəb, iş yeri açmaq əvəzinə, iş yerlərini bağlayan bu məmurlardır.”
Mətləb BALAKİŞİYEV