MEHMAN ƏLİYEV AZADLIQDA İLK AÇIQLAMASINI VERDİ – VİDEO

Bu gün – sentyabrın 11-i “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən ev dustaqlığına buraxılıb. Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar verib.

Müdafiə tərəfi məhkəməyə Mehman Əliyev barədə seçilən həbs qəti imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.

Mehman Əliyev: “Mən zona getməyə hazır idim…”

Mehman Əliyev jurnlaistlərə açıqlamasında deyib ki, cəzaçəkmə müəssisəsinə göndəriləcəyini gözləyirmiş. “Mən hər şeyə hazir idim. Açığı cəzaçəkmə müəssisəsinə göndəriləcəyimi gözləyirdim. Polis idarəsi ilə tanış olum, təcridxana şəraiti ilə tanış oldum. “Zon”a baxmaq da mənə maraqlı olardı. Yəni hazırlaşırdım…”, – deyərək o vurğulayıb.

M.Əliyev daha sonra ona dəstək olan şəxslərə və qurumlara təşəkkürünü bildirib:

“İlk növbədə Azərbaycan ictimaiyyətinə təşəkkür edirəm ki, mənə dəstək oldular. İkincisi mənə dəstək olan xarici ölkələrə, beynəlxalq təşkilatlara təşəkkür edirəm. Ailəmə minnətdaram ki, onlar özlərini güclü apardılar. Bu mənə vacib idi. Mənimlə bir kamerada olan dostlara da təşəkkür edirəm ki, mənə hörmətlə yanaşırdılar”.

Mehman Əliyev prezidentə müraciətindən da danışıb. O qeyd edib ki, müraciətdə Azərbaycanda jurnalistika sahəsində xidmətlərindən və ona olan ittihamlardan bəhs edib:

“Qeyd etdim ki, mən istintaqdan yayınmamışam. Onlarla əməkdaşlıq etmişəm. Bunu nəzərə alaraq, xahiş edirdim ki, qəti imkan tədbiri dəyişdirilsin. Bu gün də (sentyabrın 11-i) yenə eyni şəkildə Yasamal Rayon Məhkəməsinə bir məktub göndərdim. Bu da baş verdi”.

Mehman Əliyev “Turan Agentliyinin bundan sonrakı fəaliyyətinə də toxunub:

“Vəziyyətimiz çox çətindir. Hesablar dondurulub. Bundan əvvəl də maddi imkanımız aşağı idi. Ona görə də indi fəaliyyətimizi davam etdirmək çox çətin olacaq…”