Biz bu ilin əvvəlindən artıq üzən məzənnə rejimində çalışırıq. Belə ki artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır. Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır”.Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) sədri Elman Rüstəmov bildirib.
Baş bankirin açıqlaması “vəssalam, manatın başı birdəfəlik buraxılır” kimi xarakterizə oluna bilər. Artıq hökumət manatın bu kursda saxlanmasının da mümkün olmadığını və hər gün əlavə pul xərcləndiyini görməkdədir.AMB sədrinin tam üzən məzənnəyə keçid hazırlığı haqda çıxışı o deməkdir ki, iqtisadiyyatın, manatın taleyi Allahın ümidinə buraxılır. Baş bankirin xəbərdarlığı hökumətin maliyyə və valyuta siyasətində yanvardan nələrə gedəcəyinin anonsudur.
Azərbaycanın iqtisadi həyatında 2017-ci il üçüncü və bəlkə də tam devalvasiyanın başlanğıcı ili olacaq. Əgər tam devalvasiyaya gedilərsə ölkədə ağır bir dövr başlana bilər.
Adətən bütün normal ölkələrdə, belə deyək – “baş bankirlər” etibarlılığın simvoludur. Bu adamların hər bir açıqlaması qiymətli kağızlar bazarından tutmuş, iqtisadiyyatın bütün sahələrinə, milli valyutaların məzənnəsinə qədər bütün maliyyə sistemi üçün mayaka, istinad nöqtəsinə çevrilir – bütövlükdə real sektor öz hesablamalarını və gələcəyini bu açıqlamalar üzərində qurur.
Bəs bizdə? Ən azından son iki devalvasiyadan öncə verdiyi “manat kəskin ucuzlaşmayacaq” açıqlamalarına əsaslanaraq, bir qədər yumşaq davransaq, deməyə məcburuq ki, bizim “baş bankirimiz” yalan danışdı.Gözlər isə neftin qiymətindədir ki, bəlkə bahalaşdı və bu proses dayandı.Ancaq ən zəif iqtisadi savadı olan vətəndaş da bilir ki, bu mümkün olmayacaq.