Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi general-polkovnik rütbəli Eldar Mahmudovun sərəncamında nazirliyə rəhbərlik etdiyi 2004-2015-ci illərdə 1 milyard manatdan çox büdcə vəsaiti olub. Bu barədə Bizimyol.info araşdırma aparıb.
Baş Prokurorluğun yaydığı məlumatda Mahmudovun ətrafının yağmaladığı sahibkar sayı və həbs qoyulan əmlak məbləği büdcə pullarının onlara yetərli olmadığını söyləməyə əsas verir. Bildirilir ki, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş MTN-in sabiq baş idarə rəisi Akif Çovdarov, həmin idarənin şöbə rəisləri Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov 2005-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaq asıblar. Texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə ediblər.
Çox sayda sahibkarın külli miqdarda əmlakını əldə etmək məqsədilə xidməti odlu silah və silah kimi istifadə edilən əşyaların tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil ediblər. Sonra onlar nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərini məhdudlaşdırıb, xidməti otaqlarda saxlayıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib. Bundan başqa, həmin şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixoloji və fiziki zorakılıqlara məruz qalmaqla xəsarət almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc, kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən xeyli aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə təsirlər göstərilib.
Məmurların əmlakının qiyməti dodaq uçuqladır
İstintaqda 62 nəfər zərər çəkmiş şəxs kimi tanınıb. Onların ümumilikdə 17 milyon 172 min manat, o cümlədən 6 milyon 900 manat məbləğində külli miqdarda pul vəsaitlərini, 9 milyon 375 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 897 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 2 milyon 917 min manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib. A.Çovdarov başda olmaqla adıçəkilən digər idarə rəislərinə məxsus 67 milyon manatlıq sərvətin üzərinə həbs qoyulub. Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslərə məxsus, ümumilikdə 33 466 000 manat dəyərində əmlak və pul vəsaitinin, o cümlədən 8 967 000 manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 445 000 manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 000 manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
17 milyonluq mənimsəməyə qarşı 67 milyon dəyərində həbs
Zərərçəkmişlərin sayı yəqin ki, reallıqda qələmə veriləndən artıqdır. Çünki, Mahmudovun yeni tikililərdə mənzilləri sahibkarlardan zorla alıb işçilərinə paylaması lə bağlı faktlar da xeylidir. Yəqin ki, bir sıra sahibkar və məmurlar istintaqa cəlb olunmaq istəmədiklərindən (bunun da nə ilə sonlanacağını bilmirlər-red.) şikayət etməyiblər. Bunu etmirlərsə, barələrindək kompromatlar çox ciddi olmalıdır. 17 milyon manatlıq mənimsəməyə qarşı 67 milyonluq əmlaka həbs qoyulub. Təbii ki, sıravi bir məmurda, hətta generalda belə bu qədər əmlak olmamalıdır. Bizim ölkədə maaşlar o qədər yüksək deyil. Məbləğin özü onun haram olduğunu sübutsuz da göstərir. Yerdə qalan 50 milyonun sahibləri hələlik ortaya çıxmayıb. Istintaqın əvvəlində də həbs olunan daha artıq adamın adı çəkilirdi, amma hazırda çoxu ortada yoxdur. Onların da haram qazandıqlarını düşünsək, “qurbanlar”-ın sayı bizim bildiyimizdən də çoxdur.
Ictimailəşdirilən istintaq materialında sabiq Metropoten rəisi Tağı Əhmədovun zərərçəkmiş qismində tanınınb tanınmadığı bilinmir. Amma 6,9 mln. manatlıq bir məbləğə əl qoyduqları göstərilir. Hesablama Palatasının “Metropoliten” QSC-də apardığı auditin nəticəsi olaraq qeyd edilirdi ki, cəmiyyətin hesabından keçmiş MTN şefinə aid olan banka 6 milyon manat vətəndaşlara kompensasiya şəklində çatacaq vəsait yatırılıb və heç bir səbəb olmadan bankda saxlanılıb. Bu 6 milyonun T.Əhmədovun əlindən zorla alındığı deyilən 3 milyonun davamı olduğu şübhəsi yaranır.