Hakimlər jurnalistləri məhkəmələrə buraxmırlar.
Mehri Nəsibova
Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışan 9 jurnalist sabiq səhiyyə naziri Əli İnsanov və daha 10 nəfər səhiyyə işçisinin 22, 27, 28 fevral 2007-ci il tarixində Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə keçirilən iclasına buraxılmırlar. Onlar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə informasiya sorğusu ilə müraciət edərək jurnalistlərin prosesə buraxılması zamanı edilən ayrı-seçkiliyin səbəbini araşdırmaq istəyirlər. Məlum olur ki, səbəb həmin jurnalistlərin işlədikləri qəzetlərdə təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq iclasındakı çıxışını dərc etmələridir. Bundan sonra jurnalistlər Ədliyyə Nazirliyi Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə və həmin məhkəmənin hakimləri F.Qasımov, A.Orucov və H.Əhmədova qarşı İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 6-cı (məhkəmənin açıqlığı), 10-cu (məlumat almaq və yaymaq) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq) maddələri ilə təminat verilən hüquqları pozmasından Səbail Rayon Məhkəməsinə şikayət edirlər. Lakin məhkəmə cavabdehlərin Səbail rayonu ərazisində fəaliyyət göstərmədiyni əsas gətirib şikayət ərizəsini geri qaytarır. Ərizəçilərin Nəsimi Rayon Məhkəməsinə etdikləri müraciət də iddia ərizəsinin formasına «riayət edəilməməsi» əsas göstərilərək geri qaytarılır. Nəsimi rayon məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinin mülki İşlər üzrə Kollegiyasına verilən şikayət də təmin edilmir. Artıq bununla bağlı şikayət Avropa Məhkəməsinə göndərilib. Azərbaycanda belə hallarla qarşılaşan vətəndaşların sayı yüzlərlədir. Hüquqlarının bərpa edilməsi ümidi ilə məhkəmələrə müraciət edən insanlar ədalət mühakiməsini həyata keçirməli olan orqanın ədalətsizliyi ilə qarşılaşırlar.
Halbuki istənilən demokratik, hüquqi dövlətdə vətəndaşların ədalət mühakiməsinə çatımlıq hüqununun təmin olunması vacib amillərdəndir. Belə ki, hüququn məhkəmə müdafiəsinin əsas ünsürü məhkəmə baxışına çatmaq imkanıdır və ictimai həyatın ayrı-ayrı sahələrinin məhkəmə nəzarətindən kənarda qalması yolverilməzdir.
Azərbaycan məhkəmələrində isə vətəndaşların müraciətlərinin müxtəlif bəhanələrlə qaytarılması hallarına tez-tez rast gəlinir. Ayrı-ayrı məhkəmə hakimləri tərəfindən geri qaytarılan şikayətlərdə isə çox vaxt gətirilən əsaslar eyni olur: şikayətçi tərəfindən cavabdehin ünvanının göstərilməməsi, şikayətin ərazi üzrə müvafiq məhkəməyə təqdim edilməməsi. Araşdırmalar göstərir ki, məhkəmələr tərəfindən geri qaytarılan şikayətlərin əksəriyyəti insan hüquq və azadlıqlarının qorunması, o cümlədən sərbəst toplaşmaq, fikir və söz azadlığı və siyasi işlərlə bağlı olur.
“Hakimlər müraciətlərə prezident adminstrasiyasından siyasi qərar aldıqdan sonra cavab verirlər”
Maraqlıdır Azərbaycan məhkəmələri tərəfindən vətəndaşların şikayətlərinin geri qaytarılması hansı amillərlə bağlıdır. Hüquqşunas Adil İsmayılovun qənaətinə görə, Azərbaycanda vətəndaşların ədalət mühakiməsinə çatımlıq hüququnun pozulması səbəblərindən biri ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmaması ilə bağlıdır: «Hakimlərin bir çoxu müstəqil qərar vermək iqtidarında olmadığından məhkəmələrə daxil olan müraciətləri geri qaytarır. Bu daha çox siyasi motivli və söz azadlığının pozulması ilə bağlı işlərə aiddir. Bəzi müraciətlərin geri qaytarılması üçün isə göstərilən arqumetlər əsassız olur. Belə halların qarşısının alınması üçün birinci növbədə Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti formalaşdırılmalıdır».
Hüquqşunas hesab edir ki, siyasi məsələlərlə bağlı müraciətlərin geri qaytarılması məhkəmələrin müstəqil olmaması ilə bağlıdır: «Son illərin təcrübəsi göstərir ki, siyasi, həmçinin fikir və söz azadlığı ilə bağlı məhkəmələrə edilən müraciətlərin əksəriyyəti geri qaytarılır. Bir çox şikayətlər geri qaytarılarkən ya cavabdehlərin ünvanının göstərilməməsi, ya da ərazi üzrə məhkəməyə təqdim edilməməsi ilə əsaslandırılır. Əgər məhkəməyə edilən şikayətlər vəzifəli şəxslərlə bağlıdırsa, vəzifəli şəxsin hərəkətindən şikayət edilirsə, cavabdehin ev ünvanının göstərilməsinə ehtiyac yoxdur. Bu zaman vəzifəli şəxsin çalışdığı qurumun ünvanın göstərilməsi kifayətdir. Amma digər hallarda iddiaçı cavabdehin ünvanını göstərməlidir. Ölkə qanunvericiliyi bu məsələni iddiaçı tərəfin üzərinə qoyur».
Qanusuzluğa şərait yaradan hakimlərdir.
Hüquqşunas Aslan İsmayılovun qənaətinə görə, vətəndaşların ədalət mühakiməsinə çatımlıq hüqununun təmin olunmamasının qanunvericilikdə olan boşluqlara əlaqələndirilməməlidir: «Hazırda Azərbaycan qanunvericiliyi insan hüquq və azadlıqlarının təmin olunmasına imkan verir. Sadəcə qanunları icra edənlər şəxsi mənafeləri baxımından çıxış edir. Əgər hansısa hakim şəxsi mənafeyini güdürsə, yaxud ona təzyiqlər varsa qanunun düzgün tətbiqindən söhbət gedə bilməz».
Vəkil Fuad Ağayev də bir çox hallarda məhkəmələrin əsassız olaraq vətəndaşların müraciətlərini geri qaytardığını bildirir: «Bəzən müraciət cavabdehin ünvanı üzrə yerləşən məhkəməyə verilmək əvəzinə, başqa məhkəməyə təqdim olunur. Bu halda məhkəmələr müraciətləri geri qaytarmaqda, yaxud müvafiq məhkəmələrə ünvanlamaqda haqlıdır. Əksər hallarda isə məhkəmələr vətəndaşların hüquqlarını pozur. Belə halların qarşısının alınması üçün Ali Məhkəmənin müsbət rolu oynaması müsbət şərtdir. Amma təəssüf ki, bu gün Ali Məhkəmənin özü də bir sıra qərarları ilə bu qanunsuzluqlar üçün şərait yaradır. Belə olan hallarda isə aşağı məhkəmələrin hakimləri düşünürlər ki, onların qanunsuz mövqeləri yuxarı məhkəmələr tərəfindən dəstəklənəcək. İşlər siyasi amillər və kütləvi informasiya vasitələri ilə bağlı olduqda isə belə hallar daha çox olur».
«Məhkəmələr konstitusiyaya məhəl qoymadan qanunu öz istəklərinə uyğun tətbiq edir»
F.Ağayev problemin səbəblərindən birinin qanunların icrası ilə bağlı olduğunu bildirir: «Azərbaycanda son illər xeyli demokratik qanunvericilik aktları qəbul edilib. Lakin həmin qanunların icrası ilə bağlı problemlər var. Qanunların əksəriyyətinin yazılış tərzi, dili, üslubu qusurlu olduğundan onları tətbiq edən məhkəmələr o qüsurlardan sui istifadə edirlər. Yəni bu və ya digər qüsurlu yazılan maddə müxtəlif şəkildə yozula bilər. Məhkəmələr də həmin qanunun ruhuna, konstitusiyaya məhəl qoymadan qanunu öz istəklərinə uyğun tətbiq edir. Bu mənada mövcud qanunların da təftiş edilməsinə ehtiyac var. Ona görə yox ki, ümumbəşəri tələbləri, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə uyğun deyil. Ona görə ki, həmin qanunlarda qununvericilik texnikası baxımından olan çatışmamazlıqlar Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə və konstitusiyaya uyğun olmayan şəkildə yozulmasına şərait yaradır».
Rəyini öyrəndiyimiz ekspertlər insan hüquq və azadlıqları və siyasi işlərlə bağlı məhkəmələrə edilən müraciətlərin əsassız geri qaytarılmasını daha çox məhkəmələrin müstəqil olmaması və hakimlərə təzyiqlərin olması ilə əlaqələndirir. Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev də müsahibələrinin birində ölkəmizdə məhkəmə hakimiyyətinin müstəqil qərar verməməsinin səbəblərinə toxunub. X.Hacıyevin qənaətinə görə, Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayının çoxluğu yerli məhkəmələrə üç tərəfli müdaxilələrin olması ilə bağlıdır. Azərbaycan kostitusiya məhkəməsinin sabiq sədrinin sözlərinə görə, aşağı məhkəmə instansiyalarına prokurorluq orqanları, icra hakimyyəti və yuxarı məhkəmə instansiyaları tərəfindən müdaxilələr olur. Bu da məhkəmələrin müstəqil qərar verməsinə mane olur.
Hökumət tərəfi hakimlərə siyasi təzyiqi qəbul etmir.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Əli Hüseynov mediaya açıqlamasında bu iradlarla razılaşmadığını bildirib: «Son vaxtlar məhkəmələrə təzyiq halları minimuma endirilib. Amma bəzən görürsən ki, hakim şəxsi marağını təzyiq kimi qiymətləndirir. Məncə elə hakimlər hörmətdən uzaqdırlar. Təzyiq ola bilər, millət vəkili, başqa vəzifəli şəxs zəng edib, nəsə deyə bilər. Bu dünyanın hər yerinə baş verə bilər. Amma hansı hakim deyirsə ki, ona təzyiq var, o, özünə hörmət etməyən bir insandır. Çünki təzyiqlərə duruş gətirməkdən ötrü heç bir problem yoxdur. Əgər hakimi parlament və prezident təyin edibsə, axı onun kimdən asıllığı ola bilər? Dövlət hakimlərin seçimi ilə bağlı kifayət qədər vəsait ayırır. Hakim də bilməlidir ki, o ancaq vətəndaşların marağına xidmət etməli, qanunu əldə rəhbər tutmalıdır».
Avropa Konvensiyası hüquq və azadlıqların məhkəmədə müdafiəsiniə təminat verir.
İstər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, istərsə də ölkə qanunvericiliyi hər kəsin məhkəmələrdə öz hüquqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsində birbaşa göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdaifəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən məhkəməyə şikayət edə bilər. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına görə, hər kəsin məhkəmə qarşısında və ya məhkəmə funksiyalarını yerinə yetirən orqan qarşısında öz mülki hüquq və vəzifələrinə aid istənilən tələbi irəli sürmək hüququ təmin edilməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsi də qərarlarında da vətəndaşın məhkəməyə çatım imkanın olmasını vacib olduğunu vurğulayıb. «Eyri İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi göstərir ki, məhkəmə instansiyalarına çatmaq imkanı formal deyil, real olmalıdır.
Avropa Məhkəməsi «Qolder Birləşmiş Krallığa qarşı» işdə göstərib ki, dövlət müəyyən sahələrdə məhkəmə nazarətini götürə və ya məhdudlaşdıra bilməz. Məhkəmə nəzarətinin qanunvericilik yolu ilə məhdudlaşdırılası da yolverilən hesab edilə bilməz.
«Kiqen İrlandiyaya qarşı işdə» də Avropa Məhkəməsi məhkəməyə çatım hüququnun təmin edilməsini vacib hesab edir: «Dövlət tələbi konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsiri altına düşən hər hansı bir şəxs üçün məhkəməyə çatmaq imkanını təmin etməlidir. Bu zaman müəyyən kateqoriya şəxslər üçün bü hüququ təmin edib, digərləri üçün bunu rədd edə bilməz».
«Ait-Muhub Fransaya qarşı» işdə Avropa Məhkəməsi göstərir ki, Konvensiyanın məqsədi nəzəri və xəyali hüquqları deyil, praktiki və səmərəli hüququ təmin etməkdir. Ədalətli məhkəmə araşdırması hüququnun demokratik cəmiyyətdə mühüm yer tutduğunu nəzərə alsaq, bunu xüsusən məhkəmələrə müraciət hüququna aid etmək olar.
Araşdırmalar göstərir ki, Azərbaycanda Avropa tipli məhkəmələrin qurulması üçün adət-ənənələr və davranış qaydaları da islahatlara məruz qalmalıdır. Cəmiyyətdə qanunlara hörmət hissi yaradılmalı və hər kəsin qanun qarşısında bərabərlik hüquq təmin edilməlidir. Ən əsası isə Azərbaycanın məhkəmə sisteminin Avropa Konvensiyası tələbləri səviyyəsində formalaşdırılması üçün ilk növbədə siyasi iradə lazımdır. Əgər siyasi iradə olarsa, Azərbaycanda Avropa Konvensiyası tələblərini bilən və riayət edə biləcək kifayət qədər savadlı kadr potensialı var. Həmin hakimlər baxılan işi yüksək səviyyədə idarə etmək qabiliyyətinə malikdir. Sadəcə, bu gün onlar müstəqil olmadıqlarından ədalətli qərar verməkdə çətinlik çəkirlər…